02 iyul 2008-ci il tarixdə yaradılmış Peşəkar Futbol Liqası (PFL) hazırda Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, I Liqa, II Liqa, Əvəzedicilər liqası yarışlarının keçirilməsinə cavabdehdir.
Misli Premyer Liqası
Misli Premyer Liqası 10 komandanın iştirakı ilə 4 dövrəli sistem üzrə keçirilir. Yarışlarda 1-ci pilləni tutan komanda Çempionlar Liqasının, 2-ci və 3-cü yerin sahibi Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Avropa yarışlarına bir vəsiqə isə ölkə kubokuna əsasən verilir. Əgər 1, 2 və 3-cü yerin sahiblərindən biri eyni zamanda, Azərbaycan Kubokunu qazanarsa, o zaman Premyer Liqada 4-cü yeri tutmuş komanda avrokuboklara yollanır. Turnir cədvəlində sonuncu pilləni tutan komanda Premyer Liqanı tərk edir. Azərbaycan Premyer Liqasında oyun zamanı limit aşağıdakı kimidir:
7+4 (7 legioner + 4 Azərbaycan vətəndaşı). Azərbaycan Kuboku
Azərbaycan Kuboku uğrunda yarışlarda Azərbaycan Premyer Liqası ilə yanaşı, I və II Liqa təmsilçiləri də mübarizə aparır. ¼ final mərhələsinə qədər qalib bir oyunda müəyyənləşir. ¼ final mərhələsindən etibarən isə ev-səfər qarşılaşmaları keçirilir. Yarışlarda limit aşağıdakı kimdir: 7+4 (7 legioner + 4 Azərbaycan vətəndaşı). I Liqa I Liqa 10 komandanın iştirakı ilə keçirilir. Qalib adı uğrunda paytaxtı və bölgələrimizi təmsil edən klublar 3 dövrəlik sistemlə mübarizə aparırlar. Yarışlar zamanı 8+3 (8 nəfər Azərbaycan vətəndaşı, 3 legioner futbolçu) limiti tətbiq olunur.
II Liqa
II Liqa 14 komandanın iştirakı ilə keçirilir. Qalib adı uğrunda paytaxtı və bölgələrimizi təmsil edən klublar 2 dövrəlik sistemlə mübarizə aparırlar.
Əvəzedicilər liqası
Əvəzedicilər liqası 10 komandanın iştirakı ilə keçirilir. Qalib adı uğrunda Azərbaycan Premyer Liqası klublarının əvəzediciləri 4 dövrəlik sistemlə mübarizə aparırlar. Yarışlar zamanı 7+4 (Ən azı 7 nəfər 2002-ci il təvəllüdlü və ya daha gənc Azərbaycan vətəndaşı, 4 nəfər yaş limiti olmadan. Bu 4 nəfərdən maksimum ikisi legioner ola bilər.) limiti tətbiq olunur.
Qaliblərin müəyyən olunması Azərbaycan Premyer Liqası, I Liqa, II Liqa, Əvəzedicilər liqası yarışlarında komandaların tutduqları yerlər toplanmış xallara görə müəyyən edilir. Qələbəyə görə 3, heç-heçəyə 1 xal verilir, məğlubiyyətə görə xal verilmir. Yarışlarda iki və daha artıq komandanın topladığı xalların sayı bərabər olarsa, qalib aşağıdakı göstəricilərə müvafiq olaraq müəyyən edilir:
komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə;
komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır);
mövsüm ərzində ən çox qələbə qazanmış komanda;
bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
bütün görüşlərdə vurulmuş topların sayına görə;
ən az rəsmi xəbərdarlığa görə (sarı və qırmızı vərəqələr).
püşkün nəticəsinə görə.
ƏSASNAMƏNİ YÜKLƏ
|