Bu gün 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi
keçirilib. XXI Azərbaycan kuboku uğrunda yarışda 21 komanda mübarizə aparacaq.
Bunlardan 12-si Topaz Premyer Liqasında, 9-u isə I Divizionda çıxış edir.
Mərasimi giriş sözü ilə açan PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr
Departamentinin rəhbəri Aslan Şahgəldiyev kubok yarışının keçirilmə
qaydalarında ötən mövsümlə müqayisədə heç bir dəyişiklik edilmədiyini söylədi:
“Əsasnaməyə uyğun olaraq Azərbaycan kubokunun 1/4 finalınadək cütün qalibi bir
oyunda müəyyən ediləcək. 1/4 final mərhələsinindən başlayaraq isə qalib ev və səfər
oyunlarında alınmış nəticələrə görə müəyyənləşəcək. Komandalar reytinqlərinə
görə dörd səbətə bölünüb. Reytinqlər isə ötən mövsümün nəticələrinə əsasən müəyyən
olunub”.
Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev
yarışların keçirilməsində şəffaflığın təmin olunmasına və heç bir narazılığın
olmamasına çalışacaqlarını söylədi: “Bu il Azərbaycan kubokunda ötən illə eyni
sayda komanda mübarizə aparır. Keçən kubok yarışında heç bir narazılıq
olmamışdı. Yarışlar şəffaf və ədalətli keçirilmişdi. Çalışacağıq ki, bu kubok
yarışında da belə olsun. Hər şey göz qabağındadır. Ümid edirəm ki, layiq olan
qalib gələcək”.
“Bəzi klubların maliyyə durumu imkan vermir ki, kubok yarışlarında iştirak
etsinlər. Biz heç kimi məcbur edə bilmərik. Komandalar oyunçularını tanıtmaq
üçün, bəziləri isə gənc futbolçuları sınamaq üçün bu yarışa qatılır. Elə
komandalar da var ki, uğur qazanacağına inanmır və yarışlara qatılmır. Azərbaycan
Kubokuna titul sponsorluğu ilə bağlı danışıqlar gedir. Demək olar ki, 70-80%
razılıq əldə olunub. Elə də böyük məbləğ tələb etmirik. Kubok oyunları da
televiziya vasitəsilə yayımlanacaq. Bu barədə problem yaşanmayacağına
inanıram”.
Püşkatmaya əsasən XXI Azərbaycan kubokunda qarşılaşacaq
cütlüklər aşağıdakı kimidir:
24 oktyabr
“Tərəqqi” – “Ağsu”
“Qaradağ Lökbatan” – “Lokomotiv” “Qala” – “Kəpəz” MOİK - “Bakılı”
“Şuşa” – “Neftçala”
28 noyabr
AZAL - “Simurq”
“Tərəqqi”/”Ağsu” cütünün qalibi ilə - “Neftçi” “Qəbələ” – “Qaradağ Lökbatan”/”Lokomotiv” cütünün qalibi ilə
“Qala”/”Kəpəz” cütünün qalibi ilə - “Qarabağ”
“Bakı” - “Sumqayıt”
MOİK/“Bakılı” cütünün qalibi ilə - “İnter”
“Rəvan” - “Şuşa”/“Neftçala” cütünün qalibi ilə
”Turan” - “Xəzər Lənkəran”
|