Peşəkar Futbol Liqası 2020/2021-ci illər mövsümünün Azərbaycan Kubokunun final oyunu üçün akkreditasiya qeydiyyatına start verir. Pandemiya ilə əlaqədar məhdud sayda olacaq akkreditasiya vəsiqəsi üçün qeydiyyatdan keçmək istəyən şəxslər məlumatları bu gündən etibarən may ayının 20-dək [email protected] ünvanına göndərə bilərlər:
1) Ad və soyad;
2) Akkreditasiya vəsiqəsinin növü (press, foto, tv);
3) Təmsil etdiyi KİV;
4) İş yerindən verilən vəsiqə və ya bu mövsüm qeydiyyatdan keçmiş PFL akkreditasiyasının surəti.
Qeydlər:
- Hər KİV-dən yalnız 1 nəfər qeydiyyatdan keçə bilər. - KİV nümayəndələri mətbuat sektorunda pandemiya qaydalarına uyğun olaraq sosial məsafə ilə əyləşəcək. Media sektorunda 16 masalı yer var və bu yerlər notbukla gələcək jurnalistlər üçün nəzərdə tutulub. Kompütersiz gələnlər üçün masasız yerlər ayrılacaq. Notbukla gələcək şəxslər bunu müraciətdə mütləq vurğulamalıdır.
- Mətbuat konfransında maksimum 20 KİV nümayəndəsi iştirak edə bilər. Konfransda iştirak edəcək KİV nümayəndələri müraciətdə bu barədə bildirməlidir. Mətbuat konfransında hansı jurnalistlərin iştirak edəcəyinə Peşəkar Futbol Liqası qərar verəcək. Burada mövsüm boyu oyunlarda iştirak etmiş jurnalistlərə üstünlük veriləcək.
- Televiziyalardan yalnız müxbirlər mətbuat konfransında iştirak edə bilər, yer məhdud sayda olduğuna görə operatorlar buraxılmayacaq. Mətbuat konfransının çəkilişi Peşəkar Futbol Liqası tərəfindən aparılacaq və müraciət edən TV-lərə konfransdan dərhal sonra təqdim ediləcək.
- Kubokun finalı üçün akkreditasiya vəsiqəsi futbolla birbaşa əlaqəsi olan KİV nümayəndələrinə veriləcək.
- Akkreditasiya üçün müraciət edildikdən sonra vəsiqənin verilməsi tam olaraq PFL-in səlahiyyətindədir.
|