Topaz Premyer Liqasının VII turunda keçirilən “Sumqayıt” – “Bakı” oyunu hər 2 komandanın baş məşqçisi üçün əlamətdar olub. Meydan sahiblərinin çalışdırıcısı Bernhard Raab “Sumqayıt”ın “sükanı arxasında” yubiley – 10-cu qələbəsini qazanıb - 1:0. Almaniyalı buna 41-ci oyununda nail olub. 7 heç-heçə və 24 məğlubiyyəti də olan Raabın yetirmələri 38-ci qolunu vurdusa, 70 dəfə topu öz qapısında görüb. “Bakı”nın serbiyalı baş məşqçisi Bojidar Bandoviç isə ölkəmizdə ilk məğlubiyyətini aldı. Bu, onun 5-ci matçında gerçəkləşdi. Bandoviçin hesabında 1 qələbə və 3 heç-heçə də var. Bu oyunlardakı top fərqi 5:4-dür.
|