Avropa
Liqasının IV təsnifat mərhələsində uğurlu çıxış edən Bakının “Neftçi” klubu
yarışın qrup mərhələsinə düşməklə tarix yazdı. Son Azərbaycan çempionu
avrokubokların qrupuna düşən ilk təmsilçimiz olmağı bacardı. Paytaxt təmsilçisi
buna Kiprdə APOEL üzərində qazandığı səfər qələbəsi ilə nail oldu.
Həmin 3:1 hesablı qələbə Azərbaycanın UEFA reytinqinə növbəti xallar əlavə
etdi. Təsnifat mərhələsində 1 qələbə 1 xalın ölkə təmsilçilərinin sayına nisbətinə
bərabər olduğundan Kiprdəki qələbə Azərbaycan üçün 1:4, yəni 0,250 xalla əlamətdar
oldu. Bununla da klublarımızın 2012/13 mövsümündə yığdığı xalların ümumi nəticəsi
2,250-yə bərabər oldu. Bunun 0,875-i “Neftçi”nin, 0,750-si “İnter”in, 0,500-ü
“Xəzər Lənkəran”ın, 0,125-i “Bakı”nın payına düşür.
Cari mövsüm topladığı xallara görə Avropada 20-ci olan Azərbaycan son 5 mövsümə
əsasən hesablanan reytinq siyahısında 7,791 xalla 34-cü pillənin vahid sahibi
olub. 2012-ci ilin reytinqində 37-ci olan ölkəmiz “Neftçi”nin Kipr zəfərinə qədər
34-cü yeri Moldova ilə bölürdü. Nikosiyadakı qələbə sayəsində Moldova da arxada
qaldı.
2013-cü ilin ölkələr üçün UEFA klub reytinqi
(təsnifat mərhələsindən sonra)
Rekord, rekord, rekord
1994/95 mövsümündə avrokuboklarda debüt edən Azərbaycan
18 illik qitə kubokları tarixində ən yaxşı nailiyyətini “Neftçi”nin qrupa düşməsi
ilə əldə etdi. Lakin bu uğur həm də ölkəmizin UEFA reytinqindəki rekordlarına səbəb
oldu. 1 mövsümə 2,250, 5 ilə 7,791 xalın toplanması, üstəlik 34-cü yer futbol
tariximizdə indiyədək görünməmiş nəticələrdir. Əslində bu rekord da qeyri-adi
heç nə yoxdur. 2008-ci ildən başlayaraq Azərbaycan UEFA reytinqində irəliləməkdə,
hər mövsüm rekord müəyyənləşdirməkdə davam edir. Öz xallarını 2006-cı ildən
başlayaraq hər dəfə rekord həddə çatdıran Azərbaycan reytinqdəki yerinə görə
2007-ci ildəki 44-cü pilləni 5 ildə 10 addım irəli – 34-cü yerə dəyişib.
Azərbaycan UEFA reytinqində
Yalnız irəli!
Hazırda 7,791 xalla 34-cü olan Azərbaycan üçün
bu, son hədd deyil. Çünki “Neftçi” Avropa liqasının qrup mərhələsində daha 6
oyun keçirəcək. 1999-cu ildən öz meydanında avrokubok oyunu uduzmayan
bakılıların İtaliya “İnter”i, Rusiya “Rubin”i və Serbiya “Partizan”ı ilə ən azı
ev oyunlarında uduzmayacağına ümid etmək olar. Rəqiblər nə qədər güclü olsa da
azarkeş dəstəyi qarşısında Azərbaycanın reytinqinə növbəti xallar gətirmək
mümkündür.
Tarixdə ilk dəfə təsnifat mərhələsini arxada qoyub əsas mərhələyə keçməyimiz
xalların da dəyərini artırıb. Belə ki, artıq “Neftçi”nin qələbəsi 1 deyil, 2,
heç-heçəsi 0,5 deyil, 1 xalla qiymətləndiriləcək. Bu isə klublarımızın sayına
nisbətinə görə reytinqə müvafiq olaraq 0,500 və 0,250 xal qazandıracaq.
2013-cü ilin ölkələr üçün UEFA klub reytinqinin təsnifat mərhələsindən sonra
34-cü olan Azərbaycan təmsilçisi mübarizəni davam etdirdi. Bu ölkələr arasında
sonuncu olan isə məhz Azərbaycandır. Yəni bizdən arxada olan 25 ölkənin təmsilçiləri
artıq mübarizəni dayandırıb. Onlardan heç birinin ölkəmizi keçə bilməməsi isə
yalnız irəli yolun olduğunu göstərir. İrəliləmək isə o qədər çətin görünmür.
Ən yaxın qonşularımız Bosniya və Herseqovina ilə Finlandiyanın komandası
qalmayıb. Onlardan müvafiq olaraq 0,042 və 0,717 xal geri qalırıq. İstənilən 1
heç-heçə ilə balkanlılar arxada qalacaq. Skandinaviyalıları keçib 32-ci pilləyə
yüksəlmək üçün isə 1 qələbə və 1 heç-heçə və ya 3 heç-heçə lazımdır. 33-cü yerlə
müqayisədə 32-cilik daha çətin görünsə də mümkünsüz deyil.
1,375 xal gerisində qaldığımız, lakin təmsilçisi olmayan Gürcüstanın 30-cu
yerinə iddia etmək isə ev qələbələrindən asılıdır. Kiprdə heç kimin gözləmədiyi
möhtəşəm oyunu qrupda göstərməklə 3-cü “onluğ”u da hədəfləmək olar. Bunun üçün
bizim kimi 1 komandası qalan Sloveniya ilə 1,167 xallıq fərq də aradan
qaldırılmalıdır. Çətin, amma mümkün olan vəzifə “Neftçi”nin üzərinə düşür.
Üfüqdə nələr var?
Azərbaycanın UEFA reytinqində irəliləməsi
avrokuboklardakı çıxışlarımıza təsirini göstərəcək. Lakin bu, daha çox
qarşıdakı mövsümlərdə faydasını verəcək. Bu il “Neftçi”nin qrupa düşməsi,
“İnter”lə “Xəzər Lənkəran”ın heç olmasa 1 mərhələ keçməsinin bəhrəsini növbəti
yarışlarda bütün klublarımız, ümumilikdə Azərbaycan futbolu görəcək.
Artıq qarşıdakı – 2013/14 mövsümündə demək olar ki, bütün klublarımız püşk
zamanı səpələnmişlər səbətində qərarlaşacaq. Çünki 2013-cü ilin UEFA klub
reytinqində təmsilçilərimizin mövqeyi və xal hesabı xeyli yaxşılaşıb. Cari
mövsüm 2012-ci ilin analoji reytinqi nəzərə alınaraq komandalar səbətlərə
bölünürdü. Bunun nəticəsi idi ki, “Neftçi” hər dəfə səpələnməmişlər səbətində
yer alıb, özündən yuxarı reytinqli rəqiblə qarşılaşırdı.
Klublarımızın cari mövsümə hansı reytinqlə qatıldığını xatırladaq:
212. “Qarabağ” – 5,241
275. “Bakı” – 3,241
305. “İnter” – 2,491
320. “Neftçi” – 2,241
330. “Xəzər Lənkəran” – 1,991
360. AZAL – 1,491
360. “Simurq” – 1,491
2013/14 mövsümündə isə klublarımızın reytinqi tam fərqli olacaq. “Neftçi”nin
qrupda qazanacağı xalları nəzərə almadan bu əmsallar aşağıdakı kimi olacaq:
221. “Qarabağ” – 5,558
246. “Neftçi” – 4,558
267. “Bakı” – 3,808
299. “İnter” – 3,308
323. “Xəzər Lənkəran” – 2,808
371. AZAL – 1,808
371. “Simurq” – 1,808
Bu isə o deməkdir ki, klublarımız ən azı ilk təsnifat mərhələlərində səpələnəcək.
Lakin “Neftçi”nin reytinqi daha yüksək ola bilər. Çünki Azərbaycan futbolu
tarixində klubumuz əsas mərhələdə xal toplamaq imkanı qazanıb. Bu isə “Neftçi”nin
şəxsi reytinqinə daha böyük töhfə verəcək.
Rədd olsun I təsnifat!
Avrokuboklarda ölkələrin təmsilçiliyə UEFA-nın
İştirakçılar vərəqi ilə tənzimlənir. Bu isə 1 mövsüm əvvəlki ölkələr üçün UEFA
klub reytinqi ilə müəyyənləşir. 2013-cü ilin analoji cədvəli, yəni 34-cü
olduğumuz siyahı 2014/15 mövsümünə tətbiq olunacaq. Bu siyahıya əsasən də hansı
komandamızın haradan mübarizəyə başlaması müəyyənləşəcək.
Bunun nə demək olduğunu cari – davam edən mövsümün İştirakçılar vərəqinə
baxmaqla izah edək. 2011-ci ilin ölkələr üçün UEFA klub reytinqinə əsasən
qurulan İştirakçılar vərəqində Azərbaycan 37-ci idi. Ona görə də 1 təmsilçimiz
Çempionlar Liqasının II təsnifat mərhələsində, digərləri isə Avropa Liqasının I
təsnifat mərhələsində mübarizəyə başladı. 2013/14 mövsümündə 2012-ci ilin
reytinqinə, 37-ci olduğumuz cədvələ əsasən klublar bölünəcək.
2014/15 mövsümündə isə biz 34-cü yerin sahibi kimi olacağıq. 2012/13 mövsümünün
İştirakçılar vərəqinə əsasən 34-cü yer üstünlük əldə edib. Bu üstünlük Avropa
Liqasındakı 3 təmsilçimizdən birinin – kubokun sahibinin II təsnifat mərhələsindən
yarışa qatılmasından ibarətdir. Düzdür, 32-36-cı yerlər cari mövsüm üçün bu
üstünlüyü son anda alıb. Belə ki, aşağıdakı cədvəldə rəngli xanalarda göstərilən
iştirakçılar UEFA-nın cədvəldəki dəyişikliklərin sayəsində mümkün olub. Bu dəyişikliklər
Çempionlar Liqası və Avropa Liqasının qaiblərinin kimliyindən asılı olur. Yəni
onların öz ölkələrində hansı nəticəni göstərməsi İştirakçılar vərəqində cüzi dəyişikliklərə
səbəb olur. Bir sözlə 34-cü yerlə kubokun sahibinin II təsnifat mərhələsindən
başlayacağını təxmin etmək olar. 32-ci pilləyə yüksəlsək isə bu, artıq dəqiq
olacaq. 27-ci pillə isə kubokun sahibi ilə yanaşı vitse-çempionu da I təsnifat
mərhələsindən azad edəcək. Bizim üçün hələlik uzaq görünən 21-ci yerin sahibi
isə I təsnifat mərhələsindən ümumiyyətlə azad olunur. Komandalarımızdan heç
olmasa birinin III təsnifat mərhələsindən yarışa başlaması isə yalnız ilk
“20-liy”ə düşməyimizdən sonra mümkün olacaq.
2012/13 mövsümü üçün İştirakçılar vərəqi
(2011-ci ilin ölkələr üçün UEFA klub reytinqinə əsasən)
Cari mövsümdə 34-cü olan Azərbaycan 33 və daha
yüksək mövqelər üçün hələ çalışmalı, xallar qazanmalıdır. Lakin növbəti mövsümdə
işimiz daha asan olacaq. Çünki həmin vaxt 2008/09 mövsümünün nəticələri
reytinqdən silinəcək və yerinə yeni mövsümün oyunlarındakı əmsallar gələcək.
Ölkəmiz isə həmin mövsümdə nisbətən zəif çıxış etdiyindən arxada qalan 3 tam və
cari mövsümün təsnifat oyunlarına görə irəliləmişik. Tam olmayan 4 mövsümün
sıralamasında Azərbaycan artıq 32-cidir.