AFFA-nın prezidenti Rövnəq Abdullayev “Neftçi” klubunun UEFA
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini
bildirib: “Çox sevindirici haldır ki, Azərbaycan futbolunun tarixində daha
bir əlamətdar ilkin şahidi olduq. Futbol tariximizdə ilk dəfə təmsilçimizin
UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. Bu
münasibətlə “Neftçi” klubunun kollektivini və ölkəmizin futbol ictimaiyyətini təbrik
edirəm.
Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən “İdman
ili” elan olunmuş 2012-ci ildə bu uğurun qazanılması ölkə idmanının inkişafına
bir töhfədir. London Yay Olimpiya Oyunlarında əldə olunmuş uğurlardan sonra
futbol sahəsində də qazanılan bu müvəffəqiyyət idman ictimaiyyətimiz üçün hədiyyədir.
Bu, eyni zamanda, futbolun inkişafı məqsədilə seçilmiş istiqamətin, müəyyənləşdirilmiş
strategiyanın düzgün olmasının göstəricisidir. Əminəm ki, “Azərbaycan Respublikasında
2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına
uyğun olaraq həyəta keçirilən tədbirlər nəticəsində daha böyük nailiyyətlər
qazanılacaq.
“Neftçi” klubuna UEFA Avropa Liqasının qrup mərhələsində də
uğurlar arzulayıram”.
|