I Divizionun püşkatma mərasimi keçirildi 2012-08-24 |
|
Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan I Divizionunun
püşkatma mərasimi keçirilib. Klub nümayəndələri və jurnalistlərin iştirak
etdiyi mərasimi çıxış nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və
İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev tədbir
iştirakçılarını salamladı: “PFL-in prezidenti Ramin Musayev də tədbirimizdə
iştirak edəcəkdi. Lakin bacısı bu gün vəfat etdiyindən tədbirimizə
qatılmayacaq. Bu il I Divizionda 13 komanda mübarizə aparacaq. Ötən çempionatın
iştirakçılarından “Karvan”, “Muğan” və MKT
“Araz” I Divizionda çıxış etmələri ilə bağlı bizə heç bir məlumat vermədilər. Ancaq
I Divizionda iki yeni komanda mübarizə aparacaq. Bunlar Ağsu təmsilçisi “Ağsu”
və Bakının “Qala” komandalarıdır. Çempionata sentyabrın 8-də start veriləcək. Klublardan
xahiş edirik ki, avqustun 31-dək sifariş vərəqələrini təqdim etsinlər və
futbolçularla bütün müqavilə məsələlərini yekunlaşdırsınlar. Sifariş vərəqəsində
30 futbolçu ola bilər. I Divizionda legioner limiti ötən mövsümdə olduğu kimi
7+4 qalır. Bildiyiniz kimi Premyer Liqada çıxış edən komandalarının heyətlərində
meydançada ən azı bir 21 yaşdan aşağı futbolçu olmalıdır. Bu qayda I Diviziona
şamil olunmasa da, kubok oyunları zamanı I Divizion komandalarının da heyətində
ən azı bir 21 yaşdan aşağı futbolçu olmalıdır. Ötən mövsüm olduğu kimi I
Divizionun qalibi Premyer Liqaya yüksələcək, ikinci yerin sahibi isə Premyer
Liqada 11-ci yeri tutan komanda ilə play-off oyunu keçirəcək. Ötən mövsüm
lisenziyalaşma ilə bağlı müəyyən problemlər oldu. Ona görə də xahiş edirik ki,
bu məsələlərdə bir qədər diqqətli olasınız”.
Daha sonra klub nümayəndələrinin iştirakı ilə püşkatma keçirildi. Püşkatmanın nəticəsinə
əsasən I turun qarşılaşmaları aşağıdakı kimi müəyyənləşib:
“Şəmkir” – “Neftçala”
“Energetik” – “Tərəqqi”
“Bakılı” – MOİK
“Göyəzən” – “Şuşa”
“Ağsu” – “Şahdağ”
“Lokomotiv” – “Qala”
Püşkatmanın nəticəsinə əsasən “Qaradağ Lökbətan” klubu I turda istirahət edəcək.
|
|
|
|
|
|