Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına az bir vaxt qalmış komandalar hazırlıqlarını yekunlaşdırmağa başlayıblar. "Turan"ın mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin www.pfl.az saytına verdiyi məlumata görə, Tovuz təmsilçisi heyəti formalaşdırmağa davam edir: "Komanda gündə iki dəfə, əsasən, səhər fiziki, axşam isə topla məşq edir. Ancaq yoxlama oyunları
keçirməkdə problemlər yaşayırıq. İndiyə kimi yalnız “Göyəzən”lə yoxlama oyunu
keçirtsək də, başqa rəqib tapa bilmirik, vaxt da az qalıb".
"Mətbuatda yoxlama
oyunu üçün Bakıya yollanacağımızla bağlı məlumatlar yer alsa da, bu doğru
deyil. Bizə yaxın olan “Şəmkir” və “Karvan”la
da yoxlama oyunu keçirə bilmirik. Bunun səbəbi isə həmin komandaların hələ
yığılmamasıdır. Bütün bunlara baxmayaraq “Turan” hazırlıqlarını davam etdirir.
Heyətdəki boşluqları doldurmaq üçün bir neçə futbolçu baxışdadır. Hazırda Murad Ağakişiyev, Elhad Əhmədov, Hüseyn
İsgəndərov, Viktor Qonta, İvan Dragoviç, Antonio Rukovin, Bayram Kərimov məşqçilər
korpusu tərəfindən dəyərləndirilir. Ancaq onlar haqqında hələ yekun qərar
verilməyib. Lazım bilinən futbolçularla yaxın günlərdə müqavilə bağlanacaq. Komandanın
çox gec yığılmasına, futbolçu tapmaqda çətinliklərlə qarşılaşmağımıza
baxmayaraq, inanıram ki, yeni mövsümdə fərqli “Turan” görəcəyik. Ən azı hər şey
ötən mövsümdəkindən yaxşı olmalıdır".
|