Sloveniyada təlim-məşq toplanışını yekunlaşdıran "Qəbələ" hazırlıq çərçivəsində sonuncu - beşinci yoxlama oyununu keçirib. Klubdan verilən məlumata görə, Fatih Kavlakın yetirmələri Türkiyə təmsilçisi "Mersin İdman Yurdu” ilə üz-üzə gəlib.
Oyun tərəflərin bərabər mübarizəsi şəraitində başlayıb. İlk hissədə “Qəbələ” bir neçə əlverişli qol epizodu yaratsa da, istəyinə çata bilməyib. Əvəzində rəqib hesabı öz xeyrinə dəyişə bilib və komandalar fasiləyə “Mersin İdman Yurdu”nun minimal üstünlüyü ilə yollanıblar. İkinci hissə də eyni ssenari üzrə davam edib. 45 dəqiqə ərzində hər iki tərəfin fərqlənmək imkanları olsa da, hissə əsasən iki penalti zərbəsi ilə yadda qalıb. İkinci yarının əvvələrində Türkiyə təmsilçisi 11 metrlik zərbə vurmaq hüququ qazanıb və hesab arasındaki fərqi artırıb. 75-ci dəqiqədə isə Mendiyə qarşı cərimə meydançası daxilində kobudluq hakimin penalti nöqtəsini göstərməsi ilə nəticələnib. Topa yaxınlaşan Dodo qapıçı səddini aşa bilməyib və qarşılaşma “Mersin İdman Yurdu”nun 2:0 hesablı qələbəsi ilə sona çatıb.
|