Parks və Flavinyo mükafatlandırılıdı 2011-12-11 |
|
Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında apardığı sorğunun nəticəsinə əsasən “Bakı” klubunun kosta-rikalı hücumçusu Uinston Parks və “Neftçi” klubunun braziliyalı yarımmüdafiəçisi Flavio Aleks Valensio müvafiq olaraq oktyabr və noyabr aylarının ən yaxşı futbolçuları seçiliblər. Bu münasibətlə keçirilən tədbirdə hər iki futbolçuya PFL-in hədiyyəsi və “Unibank”ın pul mükafatı təqdim olundu. Hər iki futbolçuya mükafatları verilməzdən öncə həmin futbolçuların vurduqları qollardan hazırlanmış video-çarxlar tədbir iştirakçılarına təqdim olundu. İlk olaraq çıxış edən “Unibank”ın Marketinq Departamentinin rəhbəri Yevgeni Soltanov qalibləri təbrik etdi: “Bu gün oktyabr və noyabr aylarının ən yaxşı futbolçuları ilə yanaşı, ilk dəfə olaraq qalibləri düzgün tapan jurnalistlər mükafatlandırılacaq. Legionerlər futbolun inkişafında böyük rol oynayırlar. Bu gün dünyanın ən məşhur futbolçuları legioner həyatı yaşayırlar. Flavinyo və Parks da ölkəmizdə çıxış edən peşəkar futbolçulardandır”. Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev media nümayəndələrinə “ayın futbolçusu”nu seçərkən bir qədər diqqətli olmalarını bildirdi: “Kiminsə qələbəsinə kölgə salmaq fikrim yoxdur, ancaq bəzi futbolçular var ki, “ayın futbolçusu” seçilməyə layiq olsalar da, onlara səs verən yoxdur. “Qəbələ” klubunun qapıçısı Pavels Dorosevs bir neçə ay qapısından qol buraxmasa da, ona cəmi 2 nəfər səs vermişdi. Növəbti səsvermələrdə bunu nəzərə almağınızı istərdim. Gələcəkdə “ayın oyunçusu”nun seçilməsində başqa variantlardan istifadə etməyi planlaşdırırıq. Çünki, heç kimin haqqının yeyilməsini istəmirik. Əyalət klublarının futbolçusu qalib olarsa, ona mükafatını oyundan sonra stadionda verməyi də planlaşdırırıq”. Mükafatlar qaliblərə təqdim olunduqdan sonra Flavio Aleks Valensio və Uinston Parks jurnalistlərin suallarını cavablandırdılar.
|
|
|
|
|
|