Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” adıçəkilən ölkədə dördüncü yoxlama oyununu keçirib. Klubdan verilən məlumata görə, Serbiya təmsilçisi “BSK Borça” ilə üz-üzə gələn "Qəbələ" görüşün ilk dəqiqələrinə sürətli hücumlar ilə başlayıb. Xüsusən cinahlardan Rəşad Abdullayev və Rövşən Əmiraslanovun keçidləri rəqibi ilk hissə ərzində daim təzyiq altında saxlayıb. 32-ci dəqiqədə komandamız üstünlüyünü qola çevirib. Alaksandr Çertoqanov Rövşən Əmiraslanovun ötürməsindən sonra topu cərimə meydançasının önündən qüvvətli zərbə ilə tora göndərib. 5 dəqiqə sonra isə “Qəbələ” hesabı artırmaq şansından yararlana bilməyib. Cərimə meydançası daxilində Rəşad Abullayevin qarşısının kobudluqla alınmasından sonra hakim rəqibin qapısına penalti təyin edib. Topa yaxınlaşan Daniel Kruzun zərbəsi qapı tirinə tuş gəlib.
İkinci hissəyə hər iki tərəf müəyyən əvəzetmələrlə çıxıb. Final fitinə kimi matç bərabər mübarizə şəraitində keçsə də, rəqib əlinə düşən iki imkanı maksimum dəyərləndirib. Beləliklə, “Qəbələ” Sloveniyada keçirdiyi 4-cü yoxlama oyunundan da məğlubiyyətlə ayrılıb – 1:2.
Xatırladaq ki, yüngül zədəsi olan Luis Hilario Dodo və Rəşid Əmiraslanov heyətdə yer almayıblar.
|