Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının 2010/2011-ci il mövsümünün qaliblərinin mükafatlandırılması keçirilib. Ötən mövsümün çempionu olmuş “Bakı” klubunu təbrik etmiş Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxışında bildirmişdir: ““Bakı” klubunun bazasında oldum, Azərbaycanda ikinci belə baza yoxdur. Bu rəhbərliyin kluba olan böyük diqqətini göstərir və bu diqqətin qarşılığında futbolçulardan tələb olunur ki, bu gözəl bazada, gözəl məşq meydançalarında özlərini göstərsinlər, komandalarının adını yüksəltsinlər. Hər klubun özünə görə bazası var. Ancaq “Bakı” klubunda olan bu imkanları mən xaricdə görmüşdüm. Ötən mövsüm əvəzedici heyətdə oynayan bir neçə futbolçu artıq komandanın əsas heyətinə düşə bilib. Bunun özü də sevindirici haldır. Arzu edirəm ki, sizləri həm klubunuzun əsas heyətində, həm də milli komandada görək. Biz çalışırıq ki, çempionat düzgün keçirilsin. Sizin də borcunuz odur ki, öz oyununuzla bütün futbolsevərləri sevindirəsiniz, klub rəhbərliyinin etimadını doğrultmalısınız”. Daha sonra “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov da futbolçuları təbrik etdi: “”Bakı” klubunun əsas məqsədi gənc futbolçuları yetişdirib əsas komandanın ixtiyarına verməkdir. Sizlər Avropada, bütün dünyada Azərbaycan futbolunu tanıtmalısınız. Bir daha sizi təbrik edir, uğurlar arzulayıram”. Ötən mövsümün yekunlarına əsasən ikinci və üçüncü yeri tutmuş "Turan" və "Qəbələ" də Tovuzda keçirilən XVII turun oyunundan öncə Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırılıb.
|