R.Musayev: “Hər zaman klubların yanındayıq” 2011-12-28 |
|
PFL-in prezidenti Ramin Musayev Unibank Premyer Liqasında dekabr ayının “ən yaxşı oyunçusu”nun təltif edilməsi mərasimində KİV nümayəndələrinin suallarını cavablandırıb: “Mən legioner limitinin azaldılmasının tərəfdarı deyiləm. Nə vaxt legioner limiti azaldılırsa, yerli futbolçuların qiyməti qalxır. Belə olan halda baxımlı futbol yaddan çıxır. Futbolçularımız böyük miqdarda pul görəndən sonra parlaq oyun göstərmirlər. Ona görə də mən limitin azaldılmasını istəmirəm. Məcbur deyil ki, klublar 8 legioner oynatsınlar, ancaq biz məcbur edirik ki, 3 yerli futbolçu oynasın. Biz bu yolla yerli futbolçuların oyun səviyyəsinin artırılmasını istəyirik. Digər tərəfdən klubların çoxunda legionerlər ilə 2-3 illik müqavilələr imzalanıb. Biz limiti azaltsaq, klublara bu cəhətdən də mənfi təsirini göstərəcək. Ancaq mətbuatın bu təşəbbüsünü nəzərə alsaq, mən 7+4 limiti ilə razılaşardım. Gürcülərin 400-500 legioneri var. Gəlin baxaq onların futbol məktəbləri ilə bizim futbol məktəblərimiz arasında nə qədər fərq var. Qəbələdə futbol məktəbi bir ildir yaradılıb. Bir ilə futbolçu yetişdirmək mümkün deyil”.
“Gənc futbolçularımız hərbi xidmətə çox pis vaxtda çağırılırlar. Onlara müəyyən qədər vaxt verilməlidir ki, futbolla məşğul olsunlar. Ondan sonra isə əsgərliyə getmək olar. Məsələn, onların 30 yaşdan sonra da hərbi xidmətə getməsi mümkündür. Bəzi futbolçular əsgərliyə gediblər, həmin vaxtdan da itiblər”.
“Təqvimdə elə də güclü dəyişikliklər baş verməyib. Əvvəlcə Berti Foqtsla müqavilənin müddətinin uzadılıb-uzadılmayacağı sual altında idi. Buna görə də millinin toplanışının dəqiq vaxtını bilmirdik. Amma sonradan hər şey dəqiqləşdi və belə dəyişiklər etmək lazım gəldi. Biz hər zaman klubların yanındayıq. İstəmirik ki, Foqtsa imkan verək ki, o, mənə şərait yaratmırlar desin. Təqvimdəki dəyişikliklə klublar heç nə itirməyib. Biz Foqtsun üç xahişindən yalnız birini nəzərə almışıq. Digər ikisi isə klublar nəzərə alındığı üçün yerinə yetirilmədi”.
“Hakim səhvini tapmaq asandır. Ona görə də əksər jurnalistlər hakimlərdən yazırlar. Çox az jurnalist məşqçi və futbolçu səhvlərindən yazır. Düzdür, keçən ilə baxanda bu il hakim səvləri çox oldu. Bu da futbolun sürətinin artması ilə əlaqədardır. Hakimin səhv etməsi normaldır, ancaq orada qərəz olmasın. 5 hakim də qalsa, qərəzli hakim cəzalandırılacaq. Xaqani Məmmədovun AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə gətirilməsinin tərəfdarlarından biri də mən olmuşam. Mən onun işindən razıyam. Siz də onun gördüyü işlərdən xəbərdar olsanız mənim kimi düşünərsiniz. O, çox çətinlik çəkir, çalışır ki, hər şey yaxşı olsun”.
|
|
|
|
|
|