Ötən gün Avropa Liqasının I təsnifat mərhələsinin növbəti cavab qarşılaşmaları keçirilib. Azərbaycan təmsilçiləri "İnter" və "Bakı" klubları da növbəti dəfə meydana çıxıblar. İlk qarşılaşmada səfərdə Estoniyanın "Narva Trans" klubunu 5:0 hesabı ilə məğlub edən "İnter" doğma azarkeşləri önündə də qələbə qazanıb - 2:0. "İnter"in qollarını 21-ci dəqiqədə Slavço Georgiyevski və 86-cı dəqiqədə Nizami Hacıyev vurub. Digər təmsilçisimiz "Bakı" isə Sloveniyada "ND Mura 05"in qonağı olub. Bakıda baş tutan ilk görüşdə hesab açılmadığından cütün taleyinə məhz cavab matçında aydınlıq gələcəkdi. Səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olan "Bakı" Avropa Liqasında mübarizəni dayandırıb. Qeyd edək ki, "İnter" növbəti mərhələdə Yunanıstanın "Asteras Tripolis" klubu ilə qarşılaşacaq.
|