Bu gün UEFA Avropa Liqasında "Xəzər Lənkəran" Lənkəran şəhər stadionunda Estoniyanın "Nomme Kalyu" klubunu qəbul edib. Hərəyə iki dəfə fərqlənən komandalar meydanı bərabərliklə tərk ediblər - 2:2.
Yunis Hüseynov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Gərgin oyun keçdi. Heç istəməzdik ki, belə olsun. Qol imkanlarımız həddindən artıq çox oldu. Bəxt bu gün bizdən üz döndərmişdi. Rəqib 2 qol vəziyyət yaradıb, hər ikisindən də yararlandı. Qələbə qazana bilməsək də, futbolçulardan razı qaldım. Buraxılan qollarda Kamran Ağayevin də səhvi var idi. Hakimlik barədə danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, hakim meydanda özünü itirmişdi. Nə qərar verdiyini heç özü də bilmirdi. İnanıram ki, səfərdə daha yaxşı nəticə qazanacağıq. Rəqib oyunun tempini aşağı salırdı. Nəticə məni narahat eləmir. Səfərdə bunun əvəzini çıxarıq".
İqor Prins, "Nomme Kalyu" klubunun baş məşqçisi: "Oyunun əvvəli bizim üçün çətin oldu. Belə havada oynamaq da bizə çətinlik yaradırdı. İlk yarıda daha çox müdafiədə oynadıq. İkinci hissədə isə daha çox hücumlara bel bağladıq. Rəqibin mərkəzdən hücumlarının qarşısını almaqda çətinlik çəkirdik. Deyə bilmərəm ki, nəticədən razı deyiləm. Bütün hallarda, evdəki matçda daha dəqiq oynamalıyıq. İkinci hissədə yerdəyişmələr etdik ki, rəqibin mərkəzdən hücumlarının qarşısını aldıq. Erkən qol vurmağımıza gəlincə, futbolçulara demişdim ki, əsasən müdafiədə dəqiq oynasınlar. İkinci hissədə yorulmuşduq. Rəqibin səhvlərindən istifadə etməyə çalışırdıq".
|