Bu gün Peşəkar Futbol Liqasının prezidentinin seçkiləri
keçirilib. Ramin Musayev yenidən PFL-in prezidenti seçilib. Seçkilərdən sonra
AFFA-nın prezidenti Rövnəq Abdullayev və Ramin Musayev mətbuat nümayəndələrinin
suallarını cavablandırıblar.
İlk olaraq çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev
seçkilərin nəticəsini açıqladı: “Bu gün Peşəkar Futbol Liqasının növbəti 4 il
müddətə prezidentini seçmək üçün toplaşdıq. Ramin Musayev yenidən PFL-in
prezidenti seçildi. Çempionatın keçirilməsi, klublarda olan abu-hava, hakimlik
və digər məsələlər müzakirə olundu. Ötən müddətdə görülən işlərə nəzər salındı.
Həmçinin gələcək illərdə yarışların daha da gözəl və maraqlı keçirilməsi ilə
bağlı məsələlərə toxunuldu. Futbolun əsas başlanğıcı, onurğası klublardı, klub
yarışlarıdır. Ona görə də biz klub yarışlarında daha çox inkişafa nail
olmalıyıq. Klubların, uşaq futbolunun inkişafı nəticədə milli komandaya öz təsirini
göstərir. Keçən dörd ildə klubların səviyyəsinin qalxdığını deyə bilərəm. Bu
gün, həmçinin, hakimliklə bağlı məsələlərə baxıldı. Hakimlikdə olan dəyişikliklərin
çox bəyənildiyini qeyd etmək istəyirəm. Hakimlərin təlim-məşq toplanışlarının
keçirilməsi, hakimlərin hazırlanması, gənc hakimlərin cəlb olunması, hakimlərin
işlərinə nəzarət olunması və müzakirə edilməsi, PFL-in öz kameraları vasitəsilə
hər bir oyunun çəkilməsi oyunların keyfiyyətində çox böyük dəyişikliklərə səbəb
olub. Bu nailiyyətlərin daha da inkişaf etdirilməsi PFL-in qarşısında qoyulub. Artıq
müassir texnalogiyalar alınır və hakimlər bu texnalogiyalardan istifadə edə biləcəklər”.
“Nisbi olaraq PFL-in fəaliyyətindən razıyam. Hər hansı bir iradım olsaydı, yəqin
ki, Ramin müəllim indi burda oturmazdı. 4 il müddətində PFL maksimum nə
bacardısa, etdi və işini düzgün istiqamətdə qurdu. İmkanları daxilində bunları
etdilər. İndi qarşılarında yeni vəzifələr qoyulub və mən inanıram ki, bu vəzifələri
də yerinə yetirəcəklər”.
“Teleyayımla bağlı yeni qərar qəbul edilib. PFL teleyayımı
öz üzərinə götürüb və biz artıq televiziyalar və şirkətlər arasında tender elan
etmişik. Yayım hüququnu əldə edən qurum bütün informasiyanın yayılmasını öz üzərinə
götürəcək və bu məsələ iyul ayında həll olunmalıdır. Biz öz məhsulumuzu
satırıq. Bütün dünyada teleyayım bu cür tənzimlənir. Teleyayım futbolun inkişafı
üçün əsas maliyyə qaynaqlarından biridir. Yayımdan gələn bütün vəsait klublar
arasında bərabər şəkildə bölünəcək”.
“Müzakirə olunan digər bir məsələ Premyer Liqa və bütün
yarışların adlarının satışının həyata keçirilməsi ilə bağlı oldu. Həmçinin stadionların
adları da satılacaq. Bunun üçün tender elan olunacaq və ən yaxşı təklifi irəli
sürən şirkətlər sadaladığım markaların adlarına sahib olacaq. Bu vəsait
hesabına biz stadioların xərclərini ödəyəcəyik və AFFA-nın maliyyə imkanlarını
genişləndirməyə çalışacağıq”.
““Turan” yeni mövsümdə Unibank Premyer Liqasında iştirak edəcək.
Komanda çempionatda oynayacaq. Bununla bağlı klub rəhbərliyi ilə də danışdım. Hətta
onlara məsləhət gördüm ki, legionersiz komanda qursunlar. Orda çoxlu gənc
futbolçular var. Hamısını cəlb edib inkişaf etdirmək lazımdır”.
“Bütün rayonlarda futbolu inkişaf etdirməyə, uşaq futbolunu
yüksəltməyə çalışırıq. 4 il bundan öncə bizdə futbolçu sayı 1600 nəfər idi. Hazırda
isə 27000 nəfərdir. Biz bu sayın daha da artması üçün çalışırıq”.
Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının prezidenti
Ramin Musayev növbəti illərdə görüləcək işlərdən danışdı: “Ötən 4 ildə
gördüyümüz işlər haqda danışmağa ehtiyac yoxdur. Ancaq lazım olsa, onları diqqətinizə
çatdıra bilərəm. Bu müddətdə nailiyyətlərimiz olduğundan, futbolumuzun
inkişafına təkan verdiyimizdən, rahatam. Az da olsa, futbolumuzun inkişafına təkan
vermişəm. 4 ildə ən böyük iş kimi əvəzedicilərin çempionatının keçirilməyini
sayıram. Bunadək həmin yarış tamamilə unudulmuşdu. Bundan əlavə, Premyer Liqaya
“Unubank”ın sponsor cəlb olunmağı, çempionatımıza sərmayə qoyulmağı, klubların
bundan faydalanmağını da qeyd edə bilərəm. “Neftçi” klubunda işlədiyim zaman
hansı problemlərlə qarşılaşmışamsa, PFL-in prezindeti olduğum müddətdə həmin
problemləri aradan qaldırmağa çalışmışam”.
“Artıq teleyayımla bağlı tender elan etmişik və yayım hüququ
PFL-də olacaq. Bu, bəzi klublarda narazılıq doğursa da, həyata keçirəcəyik. Biz
yayımı satacağımız şirkətlə müqavilə bağlayacağıq və ordan gələn puldan klublar
faydalanacaq. İnsan yaşadığı torpağa qulluq etməlidir. Çalışırıqsa, gəlin
hamımız çalışaq. Bu təkcə bizim üzərimizə düşmür. Nəyə görə televiziyalar xarici
çempionatların yayım hüququnu alırlar, xarici futbola pul xərcləyirlər, ancaq
bizim öz milli futbolumuza pul xərcləmirlər? Əksinə klublardan pul alırlar. Niyə?
Mən də belə qərara gəldim ki, artıq yayım hüququ verilsin Peşəkar Futbol
Liqasına. Kim istəyirsə, müqavilə bağlaya bilərik. Artıq klublara kömək
olmalıdır. Mənə bəzi klublardan zəng gəlir. Deyirlər ki, Ramin müəllim bəzi
klubların oyunları yayımlanır, bizim oyunlar niyə yayımlanmır? Bütün dünyada
kanallar yayım üçün klublara pul verirlər. Amma bizdə əksinədi. Buna son
qoyulmalıdır”.
““Unibank”la bağladığımız 3 illik müqavilənin müddəti bitib.
Yeni müqavilə ilə bağlı danışıqlar gedir. İki böyük şirkət də çempionatımıza
sponsor olmaq istəyir. Məndən olsaydı, “Unibank”la əməkdaşlığımı davam etdirməyimizi
istərdim. Hər halda, onun çempionatımıza ilk sərmayə qoyan təşkilat kimi əməyini
qeyd etmək lazımdır. Ancaq hər şey məbləğdən asılıdır ki, bununla bağlı ortaq məxrəcə
gəlmək lazımdır. Şirkətlərdən biri böyük məbləğ təklif edir. Açığı, onlardan
birinin adı xoşuma gəlmir. Ancaq məbləğdə 150-200 min fərq olsa, “Unibank”a
üstünlük verəcəyəm. Məsələyə iyulun sonuna kimi aydınlıq gələcək”.
“Mükafatlandırma ilə bağlı biz tərəfdən işlər tam hazırdır.
Sadəcə, klublar burda olmalıdır ki, onları yığıb tədbirimizi keçirək. Hər
halda, bu dəfə ötən ilkindən tez olacaq. Püşkatma isə iyulun sonuna kimi
olmalıdır”.
“Klublarımız razılıq versə, Tofiq Bəhrəmov adına stadionun açılışında Super Kubokun
oyununu keçirmək niyyətindəyik. Bu eyni zamanda klublarımızın Avrokuboklardakı
çıxışlarından asılıdır. Yəqin ki, klublarımız Avrokuboklarda uğurla çıxış etsə,
zaman baxımından bu mümkün olmayacaq”.
“Mən sizə söz verirəm ki, “Qarabağ” növbəti mövsümdə ya Quzanlıda, ya Bakıda
oynayacaq. Yəni bir mövsümdə 2 müxtəlif yerdə oynamağı mümkün olmayacaq”.
|