![](uploads/22379bonilla.jpg) Topaz Premyer Liqasının XXIX turu mövsümün ilk het-triki ilə əlamətdar olub. “Rəvan” – “Zirə” oyununda meydan sahiblərini 3 dəfə məyus edən Nelson Bonilla ilkin müəllifi olub. Ölkə çempionatları tarixinə het-trik edən həm ilk salvadorlu, həm də ilk “Zirə” təmsilçisi kimi düşən hücumçu Premyer Liqadakı het-triksiz dövrə son qoyub. Belə ki, ötən çempionatda da 3 qol vuran olmamışdı. Düzdür, nəticələri ləğv olunan “Araz-Naxçıvan”la görüşlərdə bir dəfə belə uğura imza atan olmuşdu. Lakin nəticəsi tarixə düşməyən qarşılaşmanı saymasaq, sonuncu het-trik 2013/14 mövsümündə, 2014-cü il mayın 7-də qeydə alınıb. 704 gün əvvəl “Qarabağ”ın “İnter” üzərindəki 4:1 hesablı qələbəsində Reynaldo 3 qolla pay sahibi olub.
Bonillanın het-triki 1992-ci ildən keçirilən ölkə çempionatlarında bir futbolçunun bir görüşdə 3 qol vurduğu 175-ci belə hadisədir.
|