![](uploads/93475neftciyeni.jpg) Topaz Premyer Liqasının XI turu “Neftçi” üçün uğurlu alındı. Paytaxt klubu səfərdə “Sumqayıt”ı 2-1 hesabı ilə məğlub etdi. Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Oyun başa çatdıqdan sonra futbolçulara öz razılığımı bildirdim. Bu istəklə işləsək arzuladığımız oyunu sərgiləyəcəyik. Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdu. Hər bir oyunçu qələbə üçün can qoydu, qalibiyyət üçün döyüşdü. Gənc Xəyalı döyüşə atanda ona tapşırıq vermişdim. Bildirmişdim ki, rəqibin cərimə meydançasında oynasın. Gənc futbolçunu oyuna buraxmaq risk ola bilər. Amma futbolçular məhz belə oyunlarda “bişirlər”. Oyunun sonundakı epizodla bağlı heç nə deyə bilməyəcəyəm. Çünki hadisə yerinə uzaq idim. Penalti tələb edən Vurğun Hüseynovdan isə heç nə soruşmamışam. Çünki bunun əhəmiyyəti yoxdu. Biz məğlub olduq, “Neftçi” qalib gəldi. Rəqibi təbrik edirəm”. Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “Oyundan öncə çox şey yazıldı. Amma hər şey meydançada həll olunur və siz necə gərgin mübarizənin getdiyini gördünüz. Biz bir neçə oyundur ki, qələbə qazana bilmirdik. Sumqayıt səfərində qazanılacaq 3 xal bizə hava və su kimi lazım idi. İlk hissədə hesabda geri olsaq da, ikinci hissədə dönüş edə bildik. Futbol səhvlər üzərində qurulub. Bundan öncəki oyunlarda səhvlər etdik, məğlub olduq. Səhv olmalıdır ki, top da qapıdan keçsin”.
|