Topaz Premyer Liqasının VIII turunda “Xəzər Lənkəran” AZAL-ı 3-1 hesabı ilə məğlub edib, “Neftçi” ilə xallarını bərabərləşdirdi. Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Biz qələbə üçün çalışırdıq, bunu da bacardıq. Qələbə qazansaq da, oyunun çətin keçdiyini deməliyəm. Bildiyiniz kimi, biz “Qəbələ”yə uduzmuşduq. Həmin ağır məğlubiyyətdən sonra gərginlik vardı. Gərginliyi fərdi söhbətlərdən sonra aradan qaldırıb, AZAL-ı düzgün şəkildə təhlil etdik. Qarşıda bizim ağır oyunlarımız var və həmin görüşlərə hazırlaşmalıyıq”. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Rəvan”la matçdan sonra düşərgədə vəziyyət yaxşı idi. Biz Lənkərana qələbə üçün gəlmişdik. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib layiq olduğu qələbəni qazandı. Məğlub olsaq da, sərgilənən futbola iradım yoxdur. Hazırkı heyətlə biz bu mübarizəyə girişmişik, mübarizə aparırıq və aparacağıq da. Məlumunuz olsun ki, mən istədiyim komandanı hələ qura bilməmişəm. Məğlub olmuşuqsa, burada ən böyük günahkar mənəm”.
|