![](uploads/33953qarabagyeni.jpg) Topaz Premyer Liqasının VIII turunda “Qarabağ” “Zirə”ni 4-1 hesabı ilə üstələdi. Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Bilirdik ki, çox çətin olacaq. Hər bir komanda bizə qarşı tam ciddi hazırlaşır. Bütün bunları nəzərə alsaq, mən futbolçularımdan razıyam. Oyunçularım əllərindən gələni etdilər ki, matçı bərabərləşdirsinlər. “Qarabağ”la oyunda xal qazanmaq istəyirdik. Əsas məqsəd isə oyun üslubumuzu saxlamaq idi. “Qarabağ” bu gün bizə qarşı eyni sürətdə, eyni tempdə oynadı. Sadəcə, ikinci hissədə biz oyunu öz xeyrimizə dəyişməyə çalışdıq”. Qurban Qurbanov(“Qarabağ”ın baş məşqçisi): “5 qolun vurulduğu görüş azarkeşlər üçün maraqlı alındı. Rəqibimiz “Zirə” hər keçən tur daha yaxşı oynayır, optimal formasını yığır. Rəqib bizə 90 dəqiqə problem yaşatdı. Öz oyunumuzdan danışsaq, komanda pis futbol sərgiləmədi. Məqsəd 3 xal qazanmaq idi. Gözəl atmosfer yaratdıqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Zədəli oyunçularımız var. Hazırda futbolçuların ən çox yükləndiyi vaxtdır. Biz bu zədələri gözləyirdik. Reynaldo ilə bağlı tam dəqiq danışa bilmərik. Həftənin əvvəli bu barədə konkret məlumatımız olacaq. Əməliyyat olunmaya da bilər. Sevinirik ki, Çumbinyo qayıtdı və oynadı. Matç zamanı zədə alan İlqar Qurbanovun durumu ciddi olmamalıdır. Maksim Medvedev məşqlərə başlasa da, Cavid Tağıyevin yaxın günlərdə yaşıl meydançalara qayıtmaq ehtimalı hələ yoxdur. Ümumi götürsək, vəziyyət yaxşıya doğru gedir”.
|