![](uploads/76438tpl1.jpg) Topaz Premyer Liqasının IV turunda keçirilən “Sumqayıt” – “Zirə” görüşündə hesab açılmadı. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Zirə” Premyer Liqada ilk mövsümünü keçirsə belə, yaxşı kollektiv qura bilib. Bütün bunları nəzərə alıb, matçın ağır keçəcəyini bilirdik. Mən nəhayət ki, 4-cü turda komandamın futbol oynadığını gördüm. Mübarizə və istək vardı. Biz azlıqda qaldıqdan sonra rəqib daha üstün oynadı. Bütün bunlara rəğmən, futbolçulardan razıyam. Aleksandr Çertoqanov qırmızı vərəqə aldığına görə cəzalandırılacaq. İlk turdan sonra Ağabala Ramazanovu da cəzalandırmışdıq”. Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Bizim üçün ağır bir oyun oldu. Heyəti təzə yığmışıq. Turdan tura təcrübəmiz artır. Futbolçularım daha çox qol epizodları yarada bilirlər. Artıq müdafiədən hücuma yaxşı çıxırıq. Çatışmazlıqlarımız var ki, onlar üzərində işləyəcəyik. Əsas məsələ odur ki, irəliləyiş var”.
|