Topaz Premyer Liqasının III turunda keçirilən görüşdə “Neftçi” “Sumqayıt”ı məğlub etdi. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı. Açığı, futbolçuları bu il tanıya bilmirəm. Ümumi götürsək, onlara heç futbolçu demək olmaz. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdır. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.
Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “Qol imkanlarımız çox oldu. Amma təcrübəsizlik yenə ön plana çıxdı, şansların az qismindən yararlana bildik. Ötən oyunlarla müqayisədə bu gün daha çox aqressiv idik. Problemlərimiz var və bunun üzərində işləməliyik. Fiziki hazırlığımızı daha yaxşı səviyyəyə gətirməliyik. Artıq bizim üçün fasilə başladı. Oyunçuları 3 günlük istirahətə buraxacağıq. Məşqlər başlayanda əvəzedici heyətdən 5 nəfər götürəcəyik. Fasilə zamanı ölkə daxilində yoxlama görüşləri keçirməyi düşünürük”.
|