Topaz Premyer Liqasının II turunda keçirilən “Sumqayıt” – “Xəzər Lənkəran” görüşündə qalib müəyyənləşmədi. “Kapital Bank Arena”da keçirilən oyun 1-1 hesabı ilə başa çatdı. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi):“Mövsümdə ilk ev oyunumuza çıxdıq. Bu qarşılaşmada qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularda bu istək vardı. Amma sonradan öz səhvimizdən qol buraxıb, 1 xalla kifayətlənməli olduq”. Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır. Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər”.
|