Topaz Premyer Liqasının II turunda “Rəvan”ın qonağı olan “Qarabağ” 2-1 hesablı qələbə qazandı. Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Havanın isti olmasına baxmayaraq, futbolçular sona qədər çalışdılar. Çünki qələbə qazanmaq vacib idi. Cari çempionat asan keçməyəcək. Rəqib “Rəvan” barədə xoş sözlər deməliyəm. Az vaxtda yaxşı kollektiv kimi formalaşan “Rəvan” bizə problem yaratdı. Komandanın baş məşqçisi Emin Quliyevə uğurlar arzulayıram. Düşünürəm ki, “Rəvan” çətin komandadır. Fürsətdən istifadə edib, azarkeşlərə oyuna gəldikləri üçün təşəkkür edirəm. Hazırda hücumçu və müdafiəçi axtarırıq. Son vaxtlarda transfer etmək bir qədər çətin olub. Əgər futbolçu tapa bilsək, ayın 31-dək transfer etmək niyyətindəyik”. Emin Quliyev (“Rəvan”ın baş məşqçisi): “Rəqib hesabı açana qədər futbolçularım yaxşı çıxış etdilər, razı qaldım. Daha sonra fiziki baxımdan problem yaşadıq. Komandanı 20 günə yığmışıq. Heyətə yeni futbolçuların cəlb olunması lazımdır. Mindauqas Kalonasın komandada qalıb-qalmayacağı dəqiq bilinmir. Artıq çəkisi olan futbolçu oynamağa hazır deyil”.
|