Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda “Kəpəz” səfərdə “Neftçi” ilə üz-üzə gəldi. Oyunda hesab açılmadı.
Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Gərgin oyun alındı. Biz Premyer Liqaya layiq şəkildə oynamağa çalışdıq. “Neftçi” oturuşmuş heyətə malikdir. “Kəpəz” isə yeni formalaşıb. Müəyyən çatışmazlıq var ki, onları aradan qaldırmalıyıq. Mən çalışdım ki, əvəzetmələrin hesabına oyununun ritmini qoruyum. Tamaşaçılara minnətdaram. Həm “Neftçi”, həm də “Kəpəz” azarkeşləri bu gün necə dəstək olmaq lazım olduğunu göstərdilər. Şəhriyar Əliyev bu gün qırmızı vərəqəni komandaya kömək etmək istəyərkən aldı. Mən oyundan çıxan zaman onun əlini sıxdım. Oyunu itirmək olar, futbolçunu yox. Şəhriyar qəsdən heç bir şey eləmədi. Futbolçu qırmızı vərəqə alarkən pis durumda olur. Onun üzərinə getmək olmaz”. Samir Əliyev (“Neftçi”nin baş məşqçisi): “Mövsümə qələbə ilə başlamaq istəyirdik. Amma alınmadı. “Kəpəz” daha istəkli idi. Heç-heçə ədalətli nəticədir. Müəyyən boşluqlar vardı. Problemlərimiz çoxdur. Bəzi oyunçular məsuliyyət dərk etməlidirlər”.
|