Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşündə “Seltik”ə 0-1 hesabı ilə məğlub olan “Qarabağ”dan sonra “Qəbələ” və “İnter” Avropa Liqasının eyni mərhələsində mübarizəyə qoşuldular. Hər iki komandamız ilk görüşünü “Qarabağ” kimi səfərdə keçirdi.
“İnter” bu mərhələdə Avropanın kifayət qədər tanınmış komandası “Atletik Bilbao” (İspaniya) ilə üz-üzə gəldi. Oyun ispanların 2-0 hesablı qələbəsi ilə yekunlaşdı. “Qəbələ” isə “Apollon”la (Kipr) səfər oyununda sərfəli nəticə qazana bildi. Oyunda hesabı meydança sahibləri açsa da, son dəqiqədə səhnəyə çıxan kapitan Cavid Hüseynov hesabı bərabərləşdirməyi bacardı. Qeyd edək ki, “Qarabağ” cavab görüşünə avqustun 5-də, “Qəbələ” və “İnter” isə bundan 1 gün sonra çıxacaq. Hər üç görüş Bakıda keçiriləcək.
|