Avropa Liqasının I təsnifat mərhələsində uğurla çıxış edən “Qəbələ” və “İnter”in II təsnifat mərhələsində qarşılaşacaqları komandalar müəyyənləşib. Tiflis “Dinamo”sunu mübarizədən kənarlaşdıran “Qəbələ” Serbiyanın “Çukariçki” təmsilçisi ilə üz-üzə gələcək. “Qəbələ” ilə “Çukariçki” arasındakı ilk oyun iyulun 16-da Serbiyanın paytaxtı Belqradda baş tutacaq. Cavab görüşü isə bir həftə sonra Qəbələdə reallaşacaq. İlkin mərhələni uğurla başa vuran “İnter” isə II mərhələdə İslandiya təmsilçisi “Hafnarfyordur”la münasibətlərini ayırd edəcək. Qeyd edək ki, reqlamentə görə, “İnter” də “Qəbələ” kimi ilk oyununu iyulun 16-da səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra evdə keçirəcək.
|