Dünən Qəbələ şəhər stadionunda “Neftçi” və “Qarabağ” klublarının vetaranlarının iştirakı ilə futbol matçı keçirildi. Görüşdə 1996-cı il Azərbaycan Kubokunun finalında qarşılaşmış veteranlar üz-üzə gəldilər. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda 1-1 hesabı qeydə alındı. Əvvəlcə hesabı Böyükağa Ağayevin rəhbərlik etdiyi “Neftçi” veteranları açdılar. Yaşar Vahabzadənin cərimə zərbəsindən sonra qapıçı Camaləddin Əliyev topu qaytarsa da, özünü hamıdan tez yetirən Xaqani Məmmədov qol vurmağa müvəffəq oldu. Daha sonra Ağasəlim Mircavadovun rəhbərlik etdiyi “Qarabağ” penalti vurmaq imkanı qazandı. Amma Emin Salmanovun zərbəsini qapıçı Elxan Həsənov dəf edə bildi. Buna baxmayaraq, “Qarabağ” sonradan hesabda tarazlıq yaratdı. Kənan Kərimov qol vuraraq, həm də yekun hesabı müəyyənləşdirdi – 1:1. Qeyd edək ki, İdman Azərbaycan telekanalı ilə canlı yayımlanan görüşdən öncə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev veteranlara xüsusi hədiyyələr təqdim etdi.
Oyundan sonra açıqlama veren veteranlar təşkilatçılığa görə Peşəkar Futbol Liqasına minnətdarlığını bildirdilər.
Görüşdə adları aşağıda göstərilmiş veteranlar iştirak etdilər.
“Neftçi”: Elxan Həsənov, Arif Əsədov, Mehman Yunusov, Rasim Abışov, Mais Əzimov, Yaşar Vahabzadə (k), İlham Məmmədov, Samir Ələkbərov, İlham Yadullayev, Aydın Ələkbərov, Fizuli Məmmədov, Xaqani Məmmədov, Əli Abışov, Bəxtiyar Musayev, Vidadi Rzayev “Qarabağ”: Camaləddin Əliyev, Səttar Əliyev (k), Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Vadar Nuriyev, Yaşar Hüseynov, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Nazim Əliyev, Elmir Xankişiyev, Elşad Xudadatov, Zaur Qarayev, Mahir Əliyev, Kənan Kərimov, Mehman Alışanov, Emin Salmanov.
|