Topaz Premyer Liqasının 36-cı turunda keçirilən “Neftçi” – AZAL görüşü 1-1 hesabı ilə başa çatdı. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Sonuncu tura şərh vermək çətindir. Mənə görə, heç-heçə başa çatan oyun “Neftçi” üçün daha önəmli idi. Amma istənilən halda, komandamın son iki turda yaxşı təsir bağışlaması məni sevindirir. Oyunun gedişində etdiyimiz dəyişikliklər bəhrəsini verdi. Ümumilikdə isə futbolçularıma 1 il ərzində sərgilədikləri oyuna görə təşəkkür edirəm. Heyətdə müəyyən dəyişikliklər edəcəyik. Xüsusən də müdafiəni gücləndirəcəyik. Eyni zamanda, hücumçu da gətirməyi düşünürük. Bir neçə oyunçunu icarəyə vermək planımızda var. Hazırda kimin gedəcəyi, kimin gələcəyi ilə bağlı konkret danışa bilməyəcəyəm. Çünki çempionat bu gün başa çatdı. Bunun üçün müəyyən zamana ehtiyacımız var”. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Son vaxtlar yaxşı nəticə qazana bilmirik ki, bunun da səbəbləri var. Biz “Neftçi” ailəsi olaraq, çətinlikləri arxada qoymağa çalışacağıq. Problemlərə baxmayaraq, futbolçular yaxşı təsir bağışladılar. AZAL ilə matç cari çempionatdakı sonuncu görüşümüz idi. Hazırda bütün diqqətimizi ölkə kubokunun finalına yönəltməliyik”.
|