Topaz Premyer Liqasının 36-cı turunda “İnter”i qəbul edən “Sumqayıt” 3-1 hesablı qələbə qazandı. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Sumqayıtlı futbol fanatları bizə hər zaman dəstək oldular. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Digər tərəfdən “İnter”in heyətində çıxış edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Həmin oyunçuların bir neçəsini bəyəndim. Düşünürəm ki, gənc oyunçular Premyer Liqada oynamağa hazırdırlar. Düzdür, indiyə qədər “İnter”i məğlub edə bilməmişdik. Çempionatın sonuncu turundakı oyunumuz tarixə düşdü, amma mən bu qələbəni tarixi uğur hesab etmirəm”.
Roman Cəfərov (“İnter”in məşqçisi): “Əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans vermişdik. Məqsədimiz odur ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”.
|