Topaz Premyer Liqasının XXXIII turuna bu gün keçirilən “Bakı” – AZAL oyunu ilə yekun vuruldu. Bu qarşılaşma AZAL-ın 2-0 hesablı qələbəsi ilə başa çatdı. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “İlk növbədə komandamı qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, oyun nəticə baxımından çox da vacib deyildi. Lakin fasilədən sonra qələbə həvəsindəydik. Əlimizdə olan heyəti bu oyuna köklədik. Düzdür, mən son 1 həftədə komandanın yanında ola bilmədim. Pro kurslarında iştirak etdiyim vaxt köməkçi məşqçilər komandanı oyuna yaxşı hazırlaya bilmişdilər. İndi əsas məqsəd komandanı qarşıdakı oyuna hazırlamaqdır”. İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Bu gün ilk hissənin son dəqiqəsində qol buraxdıq. Həmin qola qədər çox yaxşı oynadıq. İkinci hissədə vəziyyəti düzəltməyə çalışsaq da, alınmadı. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm”.
|