Topaz Premyer Liqasının XXXIII turunda “Neftçi”ni qəbul edən “İnter” 4-0 hesablı qələbə qazandı. Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Hamımız gözəl trillerin şahidi olduq. Oyunda hər şey var idi: gözəl qollar, penalti, qırmızı vərəqələr. Qırmızı vərəqə aldığımız epizoda kimi komanda çox gözəl, ağıllı oynayırdı. Qırmızı vərəqədən sonra artıq bir az ehtiyatlı oynadıq, daha çox əks-hücumlara bel bağladıq. Hamı bilir ki, komandanın vəziyyəti necədir. Mən oyundan qabaq futbolçularımla söhbət etmişəm. Onlar peşəkardırlar. Biz ölkə üçün, ailəmiz üçün çalışmalıyıq. İndiki durum məndə anlaşılmaz hisslər yaradır. Bilmirəm sevinim, ya kədərlənim. Ümidvaram, vəziyyət yaxşılığa doğru dəyişəcək". Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Son vaxtlar heyətlə bağlı problemlərimiz var idi. Biz məcbur olduq ki, gənc futbolçularımıza güvənək. Digər problem çempionata motivasiyanın da olmamasıdır. Futbolçuların əsas diqqəti kuboka yönəlib. Hal-hazırda məqsədimiz zədələrdən qurtulmaq və kuboka yaxşı hazırlaşmaqdır. Finalda tam başqa "Neftçi"ni görəcəksiz. Qaldı ki, azarkeşlərin etirazına, onları başa düşürəm. Belə hallara İspaniya, İngiltərə kimi ölkələrdə də rast gəlinir. Amma vaxt keçdikcə istefa səsləyənlər bizi alqışlayacaqlar. Mən komandama inanıram. Düşünürəm ki, problemləri aradan qaldırıb, kubokda istədiyimiz nəticəni qazanacağıq”.
|