Topaz Premyer Liqasının XXXII turunun mərkəzi oyununda “Qəbələ” “Qarabağ”ı qəbul etdi. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatdı.
Qurban Qurbanov (“Qarabağ” ın baş məşqçisi): “Maraqlı oyun oldu. Qalib gəlmək istəyirdik. Lakin yaxşı komandaya qarşı oynayıb, bir xal qazandıq. Son vaxtların ən ideal komandasına qarşı oynayırdıq. Səhvlərimiz çox oldu. Son dəqiqələrdə qol buraxdıq. Futbolun gözəlliyi də budur. Hakimlərin gərgin oyunda buraxdığı bir-iki səhv bir qədər müzakirə olundu. Məni belə görməyə alışmamısınız? Bir qədər də belə görmək sizin üçün maraqlı olar. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı ağır oyunlara hazırlaşmalıyıq”.
Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Bu gün çox gözəl sözlər söyləmək istəyirəm. Mən gözəl oyun nümayiş etdirən futbolçularımla fəxr edirəm. Həftə ərzində futbolçularımın matça necə hazırlaşdığını görüb qürur duyurdum. Gərgin işin yekununda biz bu gün məğlub olmadıq. Mən bu gün hakimlikdən narazı qalmadım. Hakimlər oyunu yaxşı və peşəkar səviyyədə idarə etdilər”.
|