Son vaxtların uğurlu komandası “Qəbələ” Topaz Premyer Liqasının XXXI turunda “Xəzər Lənkəran”ı səfərdə məğlub etməyi bacardı. Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki mən komandamın oyunundan narazıyam. Mənim üçün qələbə seriyasının fərqi yoxdur. Lənkərandakı oyun dərs oldu. Bu oyun eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidir. Bəlkə də bəzi futbolçular düşünüb ki, bu rəqibi biz rahatlıqla məğlub edəcəyik. Oyunçularım matça tam hazır deyildilər. Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”. Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qəbələ” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Roman Qriqorçuk yaxşı kollektiv yaradıb. Oyunda narazı qaldığım müəyyən məqamlar var. Bəzi epizodlarda hakim bizə qarşı düzgün qərarlar qəbul etmədi. Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar, bəlkə də mənim düzgün olduğumu görüb, hakimi cəzalandıracaqlar. Amma bununla heç kim irəli getməyəcək. Bütün bunlar gənclərə mənfi təsir edir. Elvin Mirzəyevə göstərilən ilk sarı vərəqəyə mütəxəssislər baxıb, qiymət versinlər”.
|