“Qarabağ”ın ardından “Neftçi” Azərbaycan Kubokunun finalına vəsiqə qazandı. İlk yarımfinal oyununda “İnter”i 2-0 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündə 1-2 məğlub olmasına baxmayaraq, finala adladı. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “İlk oyundakı qələbədən sonra cavab oyununa ciddi hazırlaşmışdıq. Çünki cavab oyununun çətin keçəcəyini bilirdik. Sevindirici haldır ki, “Neftçi” ardıcıl 4-cü dəfə kubokun finalına yüksəldi. Digər tərəfdən gənc oyunçu Rahil Məmmədovu qazandığımız üçün sevinirəm. Hazırda biz kubok görüşünü unudub, çempionat matçına hazırlaşmalıyıq”. Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Neftçi” klubunu finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm. Düşünürəm ki, bu gün çox sayda qol epizodu yaratdıq. Bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də vardı. İlk oyundan sonra demişdim ki, “Neftçi” qələbə qazanıb və özünü rahat hiss edir. “Neftçi” ev oyununda qol buraxmadı əvəzində 2 qol vurdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi. Son hadisələrlə bağlı isə deyə bilərəm ki, “İnter” dağılarsa, faciə olacaq. Çünki “İnter” “Neftçi” və “Qarabağ”la birgə Azərbaycan futbolunun adını yüksəldib. Ümid edirəm ki, yeni gələcək rəhbərlər bu komandaya diqqət ayıracaqlar. “İnter”i yaşatmaq onların borcudur. Çünki “İnter” Azərbaycanın öndə gedən klublarından biridir”.
|