Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində ilk oyun Zaqatalada keçirildi. “Simurq”la üz-üzə gələn “Qarabağ” 0-0 hesabı ilə bitən matçın ardından iki oyunun nəticəsinə görə finala adladı. Qeyd edək ki, ilk oyun “Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatmışdı.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Tam olaraq, nəticə üçün oynadıq. Ağır bir səfərə çıxmışdıq. Futbolçularda psixoloji, fiziki yorğunluq vardı. Futbolçuları təbrik edirəm ki, xarakter göstərdilər. Azarkeşlərimizi təbrik etmək istəyirəm. “Simurq” barədə isə ancaq xoş sözlər söyləyə bilərəm. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə “sağ ol” deməliyəm. Qismət belədir. Biz yolumuza davam edirik. Oyunçularım qarşıdakı matçlarda da xarakter nümayiş etdirməlidirlər. Hiss elədiniz ki, “Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, “Neftçi” ilə çempionat oyununda da belə olsun. Çünki yorğunluq var”. George Çixradze (“Simurq”un baş məşqçisi): “Kubok oyunları həmişə gərgin olur. Biz “Qarabağ”la iki çətin matç oynadıq. İlk oyunda 1-0 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vura bilsəydik, bu gün daha rahat mübarizə apara bilərdik. İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi. Düzdür, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindir. Epizoda baxmaq lazımdır. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdır. “Qarabağ” komandasını isə finala adlaması münasibəti ilə təbrik edirəm”.
|