Topaz Premyer Liqasının XXX turuna “Bakcell Arena”da yekun vuruldu. “Neftçi” – “Qəbələ” görüşü qonaqların 3-1 hesablı qələbəsi ilə yekunlaşdı. Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Çox vacib qələbə qazandıq. Yaxşı nəticə əldə etdik. Futbolçularımın oyunu xoşuma gəldi. Hər bir oyunçu özünə güvənirdi. Düzdür, ilk hissədə “Neftçi” hesabı bərabərləşdirdi. Amma biz özümüzə daha çox güvəndik və qollar vurduq. Qələbə onu göstərdi ki, biz psixoloji cəhətdən hazırıq. Mən komandama hər zaman inanıram. Son oyunlar onu göstərir ki, mən və komandam düzgün yoldayıq. “Qəbələ” hazırda yaxşı oyun sərgiləyir. Bu hələ ki, bizim start meydançamızdır. Daha da inkişaf etməliyik. İnkişaf etmək özü bir bacarıqdır. Çalışmalıyıq ki, daha da irəli gedək. Topaz Premyer Liqasında zəif komanda yoxdur. Futbolçularımın hər biri öz işindən həzz almalıdır. Ardıcıl qələbələr əlavə motivasiyadır. İndiki qələbə oyunçuları növbəti gözəl oyunlara kökləyir”. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Biz ağır oyuna çıxmışdıq. Kubokdan əlini üzən “Qəbələ” bütün fikrini çempionata yönəldib. Biz isə həm çempionatda, həm də kubokda mübarizə aparırıq. Görünür ki, sıx qrafik oyunçularda yorğunluğa səbəb olub. Zədəli oyunçuların olması da oyunumuza təsir etdi. Hazırda bütün diqqətimizi kuboka yönəltmişik və bu matça hazırlaşmalıyıq. Komandam ikinci hissəyə yaxşı başladı. Lakin rəqibin vurduğu ikinci qol çox şeyi həll etdi. Hakimlikdən danışmaq istəmirəm. Səhv etmirəmsə ikinci qolda Cavid Hüseynov əl ilə oynamışdı. Eyni zamanda, oyunçular ədalətli oyun prinsipinə də əməl edə bilərdilər. Necə ki biz bəzi epizodlarda bunu etdik”.
|