![](uploads/qarabagyeni.jpg) Azərbaycan çempionu “Qarabağ” “Simurq”la
oyunlardakı uğursuz seriyanı qırıb. Zaqatala təmsilçisi ilə son 4 səfər
oyununda nəinki qələbə qazana, heç qol da vura bilməyən Ağdam təmsilçisi Topaz
Premyer Liqasının XIV turunda səfərdə 3:2 hesabı ilə qalib gəlib. 2011-ci il
oktyabrın 21-də 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri 1105
gündən sonra rəqibini səfərdə məğlub edib. Bu müddətdə iki dəfə qolsuz heç-heçəyə,
iki dəfə 0:1 hesablı məğlubiyyətə üzülən Ağdam təmsilçisinin Zaqataladakı son
qolunu həmin matçın 61-ci dəqiqəsində Rauf Əliyev vurmuşdu. İlqar Qurbanovun
23-cü dəqiqədəki qoluna qədər “Qarabağ” 412 dəqiqə meydan sahiblərini məyus edə
bilməmişdi. Tarixində yalnız 1 dəfə “Simurq”la matçda 3 qol vuran ağdamlılar
2010-cu il oktyabrın 17-dəki ev oyununda da 3:2 hesabı ilə qalib gəmişdi.
Bundan 1474 gün sonra “Qarabağ” “Simurq”u 3 qolla məyus etdi.
|