![](uploads/oguzcetin.jpg) Topaz
Premyer Liqasının 3-cü turunda “Xəzər Lənkəran” Zaqatalada yerli “Simurq”la
qarşılaşdı. Rəqibinə 0-2 hesabı ilə məğlub olan cənub təmsilçisi mövsümün 3-cü
oyununda da qələbə sevinci yaşaya bilmədi.
Oğuz Çetin, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyunda qalib gəlmək üçün
lazım olan mübarizəni, qələbə əzmini “Simurq” göstərdi. Buna görə də rəqibimizi
qələbə ilə təbrik edirəm. Bu cür komandaları məğlub etmək üçün onların göstərdiyi
mübarizəyə qarşılıq vermək lazımdır. Təəssüf ki, bu gün rəqibə qarşılıq verə
bilmədik, oyunumuzu oynaya bilmədik və məğlub olduq. Hər bir oyunçumun bu gün nə
səviyyədə oyun göstərdiyini düşünməsi lazımdır. İlk iki turda 5 xal itirməyimiz
də bizi müəyyən qədər basqı altında saxlayır. Ardından gələn “Simurq” məğlubiyyəti
də təsirsiz ötüşməyəcək. Buna baxmayaraq, heyətimizdə peşəkar futbolçular var. Komanda
olaraq toparlanıb, qarşıdakı “İnter”lə oyunda dönüş etməliyik. Ümid edirəm ki,
növbəti oyunda komanda ruhumuzu ortaya qoyub mövsümün ilk qələbəsini
qazanacağıq”.
|