![](uploads/qarabagclde.jpg) 2014/15
mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan üçü
müəyyənləşib. Topaz Premyer Liqasının 34-cü turunda “Bakı”nı 3:1 hesabı ilə
məğlub edən “Qəbələ” qitə miqyaslı turnirlərə 3-cü vəsiqənin sahibi olub. Bunadək
isə “Qarabağ”la “İnter” “dördlük”də yerini təmin etmişdi. Sonuncu 4-cü vəsiqə
isə “Neftçi” ilə “Bakı” klublarından birinə qismət olacaq. “Ağ-qaralar” ya
çempionatda daha yüksək pillədə qalsa, ya da kubokun finalında qalib glsə,
Avropa Liqasında iştirak edəcək. “Bakı” isə qiyabi mübarizə aparacağı rəqibi
ilə 5 xallıq fərqi aradan qaldırmalı, üstəlik “Neftçi”nin finalda “Qəbələ”yə
uduzmasına ümid etməlidir.
3-cü
vəsiqənin sahibi olan “Qəbələ” isə tarixində ilk dəfə avrokuboklarda çıxış
edəcək. Əsası 2005-ci ildə qoyulan klub 9 yaşında qitə səhnəsinə çıxmaq hüququ
əldə edib. Əyalət təmsilçisi avrokuboklarda çıxış edəcək 17-ci Azərbaycan klubu
olacaq. Belə ki, indiyədək 16 komandamız ölkəmizi avrokuboklarda təmsil etmək imkanı qazanıb.
Bunlar
paytaxt təmsilçiləri “Neftçi”, “Bakı” (əvvəlki “Dinamo”), “İnter” (əvvəlki
“Xəzər Universiteti”), “Bakı fəhləsi”, AZAL (əvvəlki “Olimpik”), “Xəzri”,
“Şəfa”, həmçinin “Qarabağ”, “Kəpəz”, “Karvan”, “MKT-Araz”, “Şəmkir”, “Simurq”,
“Xəzər Lənkəran”, “Turan” və “Viləş” komandaları olub.
34-cü
tur həm də Çempionlar Liqasında iştirak edəcək klubu müəyyənləşdirib. Məğlub
olan “İnter” yenidən Avropa Liqasında, “Qarabağ” isə qitənin ən nüfuzlu klub
turnirində oynayacaq. Əvvəllər 2
dəfə Kuboklar kuboku, 7 dəfə Avropa Liqası (əvvəlki UEFA kuboku), 1 dəfə
İntertoto kubokunda çıxış edən ağdamlılar çempionların turnirində debüt edəcək.
“Qarabağ” Çempionlar Liqasında Azərbaycanın 7-ci təmsilçisi olacaq. Bunadək
“Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Bakı”, “İnter” və “Xəzər Lənkəran” burada
mübarizə aparıb.
|