![](uploads/tpl1.jpg) Topaz Premyer Liqasının 30-cu turunda AZAL səfərdə
“Qəbələ” ilə qarşılaşdı. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda hesab
açılmadı – 0:0.
Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi: “Bilirdik
ki, ağır oyun olacaq. Rəqib həm Premyer Liqada, həm də kubokda mübarizə aparır.
Oyunumuzu dəyişən, lider futbolçumuz yoxdur. Gənc oyunçularımız azdır, Cavid
Tağıyevin də oynamaması bizə müəyyən problemlər yaratdı. Komandanın qarşısına
uduzmamaq tapşırığı qoyulmuşdu. Son 20 dəqiqədə üstünlüyü rəqibə verdik. Komanda
meydanda mübarizə apardı, futbolçular bir-birinə kömək elədilər, buna görə təşəkkürümü
bildirirəm. Çox ağır yükün altına girmişik, bizim üçün mübarizə indi başlayır.
Öz imicimiz üçün oynamalıyıq. Heyətlə bağlı çatışmazlıqlarımız var. Qol
imkanlarından soyuqqanlıqla istifadə edə bilmirik. Bunların üzərində işləyirik,
çalışacağıq ki, qalan 6 turda qələbə qazanaq. Rəqibin oyununu və heyətini təhlil
etmişdik. İqbekoyinin sürətini və rəqibin müdafiədəki boşluqlarını nəzərə alıb
onu hücumda oynatdıq”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Yaratdığımız
qol imkanlarından istifadə edə bilmədik. Xüsusən də ilk hissədəki epizodlarda
qol vurmalı idik. Oyun heç-heçə başa çatdı. Komanda əlindən gələn qədər nəticə
göstərməyə çalışır, yaxşı məşq edir. Təəssüf ki, bunun nəticəsini görmürük. Ebesilio
və Niassenin olmaması oyunumuza təsir edir, hər ikisi yaradıcı futbolçudur. Bugünkü
oyuna da yaxşı köklənmişdik. Keyfiyyətli oyun göstərmək lazımdır, ustalıq səviyyəsi
olmalıdır ki, Kamanan və Subotiç yaradılan qol imkanlarından istifadə etsinlər.
Komanda kubok oyunlarında uğur qazanıb özünəinamı bərpa etməlidir”.
|