![](uploads/tpl1.jpg) Mövsümün ən yaxşı bombardiri Reynaldo Silva və
Baçana Sxadadze ardıcıl 3-cü oyunda qol vurublar. “Qarabağ”ın braziliyalı legioneri
“Sumqayıt” və “Qəbələ” ilə qarşılaşmalarda dublları sıralamışdısa, AZAL-a 1 qol
vurmağı bacarıb. Bu qol seriyası Reynaldonun Topaz Premyer Liqasında ilk belə uğurudur.
Ötən iki turda “Qəbələ” və “Rəvan”ın hərəsinə 1 qol vuran “İnter”in gürcüstanlı
hücumçusu Sxadadze bu dəfə “Simurq”un qapısına yol tapdı.
Bu cütlük ardıcıl 3 turda qol sevinci yaşamaqla
mövsümün rekordunu da təkrarlayıb. Reynaldo ilə Baçanaya qədər “Qarabağ”ın
hollandiyalı oyunçusu Leroy Corc və “Neftçi”nin braziliyalısı Karlos Kardoso da
bunu bacarmışdı. Corc 24-26-cı, Karlos 14-16-cı turlarda ardıcıl hər oyunda 1
qol vurmuşdu.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin
rekordu Yunis Hüseynova məxsusdur. Yarımmüdafiəçi ilk çempionatın startında
ardıcıl 12 qarşılaşmada qol vurmaqla şərəfini qoruduğu “Neftçi”nin qələbələrində
pay sahibi olmuşdu.
|