![](uploads/24neftchiqarabag.jpg) Topaz Premyer Liqasının 24-cü turunu mərkəzi oyununda “Neftçi” doğma meydanda “Qarabağ”la qarşılaşdı. Rəqibinə 1-4 hesabı ilə uduzan bakılılar mövsümdə ilk dəfə ev oyununda məğlub oldu. Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: ““Xəzər Lənkəran”la oyundan sonra müdafiədəki boşluqlarımızı gördük. Eyni xəttdə oynayan müdafiəçilərimiz qırmızı vərəqə almışdı, cəzalı müdafiəçilərimizin yerini doldura bilmədik. Artıq “Neftçi” PFL-in arzuladığı kimidir. Araz Abdullayevin epizodunda qırmızı var idi? Almeyda Nforun başından vurdu, qırmızı vermədilər. Məqsədləri nədir? Xaqani Məmmədov hakimlərin yüksək səviyyədə olduğunu deyir. “Neftçi”ni bu hala salanlar düşünməlidir. Dünya statistikasında eyni oyunda bir xətt oyunçularının qırmızı vərəqə almasını görməmişəm. Bu gün “Qarabağ” qalib gəldi, əgər çempion olacaqlarsa indidən təbrik edirəm. Ramosun 7 sarı vərəqəsi var idi, birini də bu gün verdilər, gələn oyunda oynamayacaq. Məqsədləri “Neftçi”ni bir neçə il öncəyə qaytarmaqdır. Bizim haqqımız yeyilib. Cəzalı futbolçular bir neçə oyundan sonra qayıdacaq. Boşluqları doldurmaq olduqca çətindir. Kiminsə “Qarabağ”a simpatiyası “Neftçi”dən çox ola bilər. Rəqib 2-0 hesabı ilə öndə idi, qırmızı vərəqəyə ehtiyac var idi? “Neftçi”yə qarşı çox amansızdırlar. Deyirlər ki, “Neftçi”ni dartırlar. Belə kömək edirlər? Keçən il də, bu il də bunun şahidi olduq. “Qarabağ”ı qələbə ilə təbrik edirəm, Avropada uğurlarımızı təkrarlamağı arzu edirəm. Lənkərandakı uğursuzluqda hakimin rolu 85% idi. “Rəvan”ın son oyununda iki penalti və qırmızı vərəqə verdilər. Bu cür vəziyyəti yaradan da bizim futbol mütəxəssisləridir. Bəzi insanlara futbolun inkişafı lazım deyil. 6 oyunçumun 7 sarı vərəqəsi var idi, onları qorxa-qorxa oynadırdıq ki, cəzalı duruma düşməsinlər. Rəşad Sadiqov çox yaxşı yarımmüdafiəçidir. Oyunboyu istəklə oynayır, ola bilər oyunu alınmasın, insandır, mərkəz xəttdə aparıcı qüvvədir. Əvəzetmələrlə ehtiyatlı olmaq lazımdır. Son oyunlarda Mirhüseyn daha yaxşı təsir bağışlayır, bu gün də qol vurdu. Məşqçi səbrli olmalıdır”. Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Vacib 3 xal qazandıq, gərgin və maraqlı oyun oldu. Oyun ilk dəqiqələrdən yüksək tempdə getdi. 3 top fərqi ilə irəlidə olsaq da, son fitə kimi ehtiyatlı oynadıq. “Neftçi” azlıqda qalmasına baxmayaraq, qol da vurdu. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Jaba Dvali toplanışın sonuna 3 gün qalmış heyətimizə cəlb olundu. Formasından uzaqdır, tədricən daha yaxşı olacaq. ”Qəbələ” ilə oyunla müqayisədə bu qarşılaşma daha sürətli idi. Qırmızı vərəqə epizodunu aydın görə bilmədim. “Neftçi”yə həmişə hörmətlə yanaşmışam, uğurlarına sevinmişəm. Məğlub olduğumuz oyunlarda da təbrik etmişəm. Bir daha rəqibin oyunçularına əhsən deyirəm. Düşünürəm ki, mübarizə indi qızışır, çempionat inkişaf edir. Təəssüf ki, bu cür mərkəzi oyunlarda bəzi xoşağəlməz hadisələr olur”.
|