![](uploads/qabalayeni.jpg) Topaz Premyer Liqasının 22-ci turunda AZAL doğma meydanda “Qəbələ”
ilə qarşılaşdı. AZAL ilk hissədə hesabda irəli çıxsa da, “Qəbələ” əzmkar oyunla
3 xalı qazanan tərəf oldu – 2:1.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “İlk dəfədir ki, burada qalib gəlirik. Nəticə
çox yaxşıdır, futbolçular oyuna ciddi yanaşmışdılar. Oyunun keyfiyyəti ürəyimcə
olmadı, daha yaxşı oynaya bilərdik. Bundan öncəki oyunu daha yaxşı oynamışdıq,
lakin nəticə hər şeydən önəmlidir. Müdafiədə yaxşı oynadıq, AZAL-a qol imkanı
vermədik. Səfərdə oynadığımız üçün özümüz də çox qol imkanı yaratmadıq. Rafael və
Kamran bu gün çox yaxşı oynadılar, etimadı doğrultdular. Biz onlara etibar
edirik, hər səhvə görə futbolçunu ehtiyata göndərmək olmaz. Meydanda ürəksiz
oynayan, can qoymayan futbolçunu əsas heyətdən kənarlaşadıra bilərəm. Hər kəs səhv
edə bilər”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Bu oyun bir daha
göstərdi ki, biz düz
yoldayıq, AZAL ən yaxşı oyunlarından birini keçirdi. Ağır oyun oldu, qələbəyə
layiq idik, heyf ki, qol vurduqdan sonra nəticəni saxlaya bilmirik. Bu
futbolçuların ustalıq səviyyəsindən irəli gəlir. Qol imkanları yaradırıq, amma
qol vurmağa çətinlik çəkirik. Rəqib futbolçuların üstünlüklərini bilə-bilə
onların qarşısını ala bilmədik. Bu gün “Qəbələ”dən qat-qat üstün oynadıq”.
|