Topaz Premyer
Liqasının 16-cı turunda “Qarabağ” “Neftçi” ilə qarşılaşdı. Rəqibini 3-1 hesabı
ilə məğlub edən Ağdam təmsilçisi turnir cədvəlində yenidən vahid lider oldu.
Nazim Süleymanov, “Neftçi”
klubunun baş məşqçisi: “Oyun pis alınmadı, hər iki komanda hücumlar təşkil
etdi. İlk qolda diqqətsiz oynadıq, rəqib əks-hücumda qapımıza qol vurdu. İkinci
qolda da eyni hal təkrarlandı. Üçüncü qolu isə 11 metrlik cərimə zərbəsindən
buraxdıq. Qayda pozuntusu olmasa idi, hakim penalti təyin etməzdi. “Qarabağ”ın
həm əsas, həm də ehtiyat qüvvəsi yaxşı futbolçulardan təşkil olunub. Ernest
Nfor oyuna sonradan daxil olanda daha effektiv olur, bu dəfə də pis alınmadı.
Futbolçunun fikri 90 dəqiqə ərzində meydanda olmalıdır. Futbolçu səhv edə bilər,
amma nəticəyə təsir edən səhv olmamalıdır”.
Qurban Qurbanov, “Qarabağ”
klubunun baş məşqçisi: “Fikrimcə, hamınız komandaların oyunundan razı qaldınız.
Yaxşı oyun oldu. “Neftçi” təcrübəli futbolçulardan təşkil olunmuş komandadır.
Çoxlu qol epizodunu boşa verdik. Çempionatımızda gərgin mübarizə gedir. Bu cür
oyunların olması hamımızın xeyirinədir. İlk oyunda komandalar qapalı oyun göstərmişdi.
Bu gün isə hər iki komanda qalib gəlmək istəyirdi, buna görə açıq futbol
oynadıq”.
|