Azərbaycan kubokunun 1/8
finalında “Qaradağ Lökbatan”la qarşılaşan “Rəvan” rəqibini 5-2 hesabı ilə məğlub
edərək növbəti mərhələyə yüksəldi.
Adil Mahmudov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “İlk öncə “Rəvan” rəhbərliyinə görüşü “Bayıl Arena”da yüksək səviyyədə təşkil etdiklərinə, komandamız üçün hər cür şərait yaratdıqlarına görə təşəkkür edirəm. Oyun gərgin mübarizə şəraitində keçdi. Rəqib daha istəkli və əzmkar olduğundan qalib gəldi. 2 ildir 1/8 finalda dayanırıq. Keçən il “ Qəbələ”yə, bu il isə “Rəvan”a yenildik. “Rəvan”a növbəti oyunlarda uğurlar arzulayıram. O gün olsun ki, kubokun finalında iştirak etsinlər və Avroliqada Azərbaycanı təmsil etsinlər. Hakimlik barədə danışmaq istəmirəm. Hesab 1-2 olarkən Novruz Ələkbərov təkbətək epizoddan faydalana bilmədi. Bu, oyunun qırılma nöqtəsi oldu. Üzərimizdə olan psixoloji təsirdən zaman-zaman emosiyalarıma hakim ola bilmirdim”. Şahin Diniyev, “Rəvan”ın
baş məşqçisi: “Oyun maraqlı və gərgin
alındı. Rəqibin oturuşmuş heyətə malik və aqressiv futbolçulardan qurulmuş
yaxşı komandası var. “Qaradağ Lökbatan” uduzmağı sevməyən, meydanın hər
qarışı uğrunda mübarizə aparan komandadır. 10 nəfərlə qaldıqdan sonra da bizə
müqavimət göstərdilər. Artıq bir neçə
ildir ki, bir yerdə çıxış edən oyunçuları var. Bu mənada çətin olacağını
bilirdik. Rəqib məğlubiyyəti həzm edə bilmir. Bütün bunlar üzərində
çalışmışdıq. Bu gün çox şey ilk qoldan asılı idi. İki dəfə hesabda önə
keçməklə psixoloji üstünlüyə də yiyələndik. Bolqollu matç oldu, qapılara 7 qol
vuruldu. Futbolun bəzəyi də qoldur. Qarşıda AZAL ilə çətin oyunumuz olduğundan
heyətdə bir sıra dəyişikliklər etmişdik. Əsas heyətin bəzi oyunçularına istirahət
vermişdim. 3 nəfərin adını ümumiyyətlə, iştirak ərizəsinə salmamışdım. Miloş Adamoviç, Xuan Manuel Varea, Ramazan Abbasov kimi təcrübəli oyunçuları isə ehtiyatda saxlamaqla vəziyyətdən
asılı olaraq onları oyuna buraxmağı düşünürdüm. Şükür ki, buna heç ehtiyac
olmadı və matç istədiyimiz kimi getdi. 4-cü qol tez gəldiyindən cavanların
oynamasına şərait yaratdım. Qələbə qazandığımız üçün şadam”.
|