![](uploads/qarabag140.jpg) Ağdamın “Qarabağ” klubunun
böyükhesablı qələbələr seriyası qırılıb. Son 3 turda rəqiblərini böyükhesablı qələbələrlə
məğlub edən Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının 12-ci turunun
“Qəbələ” ilə görüşündə minimal hesabla qalib gəlib – 4:3. 9-cu turda “Bakı”,
10-cu turda “Sumqayıt”, ötən turda isə “Xəzər Lənkəran”ı eyni – 3:0 hesabı ilə
məğlub edən ağdamlılar mövsümün rekordunu təkrarlayıb. “Bakı” kimi ardıcıl 3
darmadağına imza atan “Qarabağ” 4-ə çata bilməyib.
Bununla da əyalət təmsilçisi
klub tarixinin rekordunun 1 addımlığında dayanıb. “Qarabağ”ın Azərbaycan
çempionatlarındakı böyükhesablı qələbələr seriyası rekordu 4-ə bərabərdir.
2003/04 mövsümünün startında evdə “Şahdağ-Samur”u (17.05.2003) 5:0, “Bakılı”nı
(25.05.2003) 4:0, ardınca səfərdə MOİK-i (31.05.2003) 3:0 yenən ağdamlılar öz
meydanında Sumqayıt “Xəzər”ini (04.06.2003) 5:2 hesabı ilə üstələmişdi.
Lakin ümumilikdə qələbə
seriyasını 4-ə çatdıran komanda özünün ilk 4 turda, AZAL-ın 2-6-ci turlarda
nail olduğu mövsümün rekordu təkrarlayıb. Ağdamlılar həm də 7 oyundur uduzmur. Qeyd
edək ki, böyükhesablı qələbələr seriyasında Azərbaycan rekordu 5-ə bərabərdir.
|