![](http://www.pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının 12-ci turunda AZAL səfərdə
“Sumqayıt”ın qonağı oldu. Gərgin idman mübarizəsi şəraitində keçən oyun qolsuz
heç-heçə ilə başa çatdı – 0:0.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Növbəti
oyunlarda mütləq qələbə qazanıb psixoloji vəziyyətimizi düzəltməliyik. Komanda əlindən
gələni etdi, qələbəyə yaxın idik. Yolumuza davam edirik. Komanda üzvlərini fərqləndirmək
istəmirəm. Zədəli futbolçular tədricən heyətə dönür. İlk hissədə qol
epizodlarımız oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandamızın yarısı
yox idi, hücumçusuz oynayırdıq. Bu gün çempionatda autsayder sayıla biləcək
komanda yoxdur. “Sumqayıt” “Qəbələ”ni məğlub edib, “Neftçi” və “Xəzər Lənkəran”dan
xal alıb. Bugünkü oyunda xal itirdiyimizi düşünürəm. “Sumqayıt” çox yaxşı
komandadır, futbolçuları bir çox məşqçilərin diqqət mərkəzindədir. Cinah oyunçularımızı,
hücumçu və yarımmüdafiəçilərimizi əvəzləyə bilmərik. İqbekoyi artıq neçənci
oyundur ki. Hücumçu mövqeyində oynayır. Oskars Klava 4-cü sarı vərəqə almaqla “Qarabağ”la
oyun öncəsi bizi pis vəziyyətə qoydu”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi:
“Maraqlı oyun oldu. Qol imkanlarımız az oldu, amma yarada bilərdik. Nəticədən və
oyundan razıyam. Komandada qələbə əzmi var idi, sona kimi mübarizə apardılar. Pərdis
Fərcad-Azad ötən mövsüm bizə çox kömək elədi, bu mövsüm də ümid edib 90 dəqiqə
oynadırıq. Qapıya zərbə endirməsə də, oyunda özünü yaxşı tərəfdən göstərdi. Hücumçu
üçün qol imkanını yarımmüdafiə xətti yaratmalıdır. Yarımmüdafiədə sürətli
futbolçularımız var, fiziki cəhətdən hazır saydığımız futbolçuları heyətə daxil
etdik. Samir Abasov və Aleksandr Çertoqanov birlikdə oynayanda komandamız məğlub
olmur. Aqşin Muxtaroğlu çox qaçır, lakin faydalı iş əmsalı aşağıdır. Ötürmələrindən
narazıyam, bəzən çox bəsit səhvlər edir”.
|