Son
günlər müxtəlif KİV-lərdə idman jurnalistləri Natiq Muxtarlı və Xəyal Azəroğlu
arasında şəxsi münasibətlər zəminində yaranmış qarşılıqlı tənqid və təhqirlərlə
dolu olan yazılar yer alır. Türkiyənin aparıcı klublarından birinin Bakı
fan-klubunun fəaliyyəti ilə bağlı yaranmış polemikadan doğan mübahisələr tərəflərin
bir-birinə kəskin ittihamları ilə davam etmişdir. Sosial şəbəkələrdə bir-birinin
şəxsiyyətini alçaltmaqdan, küçə söyüşləri ilə təhqir etməkdən çəkinməyən Natiq
Muxtarlı və Xəyal Azəroğlunun bölüşdürə bilmədiyi fan-klub mübahisəsində üçüncü
maraqlı tərəf kimi PFL-in prezidenti Ramin Musayevin adının hallandırılması isə
jurnalist təxəyyülünün qərəzli münasibətindən başqa bir şey deyil.
«Ultraslan Azərbaycan»
və toyuq oğruları, “Xoruz”luq
etməyin, kişi olun!, Toyuğa xoruz
cavabı… Bu, iki yazarın bir-birinə xitabən yazdığı yazıların başlıqlarıdır.
Heç birində PFL, onun rəhbərliyi və ya fəaliyyəti haqqında bir kəlmə belə
yoxdur. Belə olan halda Natiq Muxtarlının “…yazdıqları statuslardan, etdikləri
hərəkətlərdən bəlli olur ki, bunların arxasında PFL prezidenti Ramin Musayev
dayanır. Çünki mən həmişə onun fəaliyyətini tənqid edən yazılar yazıram…”
iddiası nəyə əsaslanır? Və yaxud, bu yazılara nəinki münasibət bildirməyi lüzum
görməyən, bu cür yazıları oxumayan Ramin Musayevin Natiq Muxtarlı və ya hər
hansı bir digər şəxsə qarşı nə kimi münasibətindən söz gedə bilər?
Natiq Muxtarlı öz qələmi ilə qeyd edir ki, PFL
prezidentini həmişə tənqid edir. PFL olaraq Natiq Muxtarlının bəzən hətta tənqid
çərçivələrini aşan yazılarına münasibət göstərmək istəsək bunu dövlətimizin təməl
dəyərlərindən olan demokratik, sivil yolla edərik. Polis orqanlarında, məhkəmədə
və digər səlahiyyətli instansiyalarda öz hüququmuzu qorumağa, şər və böhtan
yazılar yazmaqla ictimaiyyətin fikrini səhv istiqamətə yönəldən yazarların
cavabını qanunun tələb etdiyi şəkildə verməyə həmişə hazırıq.
Yuxarıda qeyd olunan mübahisədə PFL-in prezidenti Ramin
Musayevin adının hallandırılmasının, əsassız, böhtan dolu yazıların hansı məqsəd
güddüyünü, Natiq Muxtarlının hansı əqidəyə, kimə qulluq etdiyini isə zaman göstərəcək.
Unutmayın, yalan ayaq tutar, amma yeriməz!
|