Əfran İsmayılov mükafatlandırılıb 2012-03-15 |
|
Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında apardığı sorğunun nəticəsinə əsasən “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov fevral ayının ən yaxşı futbolçusu seçilib. Bu münasibətlə keçirilən tədbirdə futbolçuya PFL-in hədiyyəsi və “Unibank”ın pul mükafatı təqdim olundu.
İlk olaraq çıxış edən “Unibank”ın Marketinq Departamentinin rəhbəri Yevgeni Soltanov qalibi təbrik etdi: “2011-ci il futbolumuz üçün uğurlu il oldu. Ümid edirəm ki, 2012-ci il də Azərbaycan futbolu üçün uğurlu keçər. “Unibank” olaraq həmişə sosial yönümlü layihələrə dəstək olmuşuq. Təsadüfü deyildir ki, qeyri-neft sektorunda futbola ən çox dəftək olan şirkətik. Əfran İsmayılovu “ayın oyunçusu” seçilməsi münasibətilə təbrik edirəm. Əfran 2009-cu ildə də “dekabr ayının oyunçusu” seçilmişdi. Ona nailiyyətlərinin davamını arzulayıram”. Daha sonra Peşəkar Futbol Liqasının Marketinq Departamentinin rəhbəri Anar Sadıxov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi və qalibə mükafatlarını verdi.
Mükafatlandırmadan sonra Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırdı. Ona göstərilən etimada görə öz təşəkkürünü bildirən Əfran İsmayılov “ayın oyunçusu” seçiləcəyini gözləmədiyini söylədi: “Mənə səs verənlərə təşəkkür edirəm. Çalışacağam göstərilən etimadı doğruldum. “Unibank” və PFL-ə də minnətdarlığımı bildirirəm. Bu aralar başımız o qədər qarışıqdı ki, heç “ayın oyunçusu” seçiləcəyimi düşünmürdüm. Amma belə mükafatlar adamı daha da ruhlandırır. Bu baxımdan bu mükafata çox böyük dəyər verirəm. Özümdən başqa bu mükafata Georgi Adamiyanı layiq görərdim”.
“”Qəbələ” ilə kubok oyunu ağır keçdi. Bu oyuna çox ciddi hazırlaşmışdıq. “Qəbələ”nin çox güclü hücum xətti var. Quzanlıda keçiriləcək oyunda çalışacağıq mərhələ adlayan komanda biz olaq. Çempionluq haqqında düşünmək hələ tezdi. Hazırda növbəti oyuna köklənmişik. Yenə rəqibimiz “Qəbələ”dir. Çempionatın başa çatmasına 2-3 tur qalmış çempionluq haqqında düşünmək olar. Klublarımızda çox güclü müdafiəçilər var. Konkret ad bildirməsəm də, onu deyə bilərəm ki, hər bir müdafiəçiyə qarşı oynamaq çətindi”.
|
|
|
|
|
|